Azərbaycan və İtaliya alimləri Abşeronda geodinamik vəziyyətə dair tədqiqat aparmağı planlaşdırırlar

Azərbaycan və İtaliya alimləri Abşeronda geodinamik vəziyyətə dair tədqiqat aparmağı planlaşdırırlar
# 04 iyul 2012 15:47 (UTC +04:00)
Bakı. Etibar Məmmədov - APA. Abşeronda geodinamik proseslər və seysmik təhlükələr barədə birgə tədqiqat aparmaq məqsədilə İtaliya Milli Tədqiqat Şurasının Ətraf Mühitin Analizi üzrə Metodologiya İnstitutunun departament rəhbəri, professor Luçiano Selesta Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutunda olub.
İnstitutun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qonaq institutun direktoru, akademik Akif Əlizadə və digər alimlərlə görüşüb.
Görüş zamanı iki təşkilat arasında əməkdaşlıq imkanları müzakirə edilib.

AMEA Geologiya İnstitutunun Geodinamika və seysmologiya şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü Fəxrəddin Qədirov və institutun aparıcı elmi işçisi, geologiya-mineralogiya elmləri namizədi Qulam Babayev italiyalı mütəxəssisə institutda aparılmış müvafiq tədqiqatların nəticələri və nəzərdə tutulmuş planlar haqqında ətraflı məlumat veriblər.

Görüş zamanı Abşeron yarımadasında seysmik təhlükənin qiymətləndirilməsi, seysmik monitorinqin üsulları, GPS (kosmik yertəyinetmə sistemi) tədqiqatların nəticələri müzakirə olunub.

İnstitutda aparılan və gələcəkdə nəzərdə tutulan tədqiqatları müsbət qiymətləndirən L. Selesta bu işlərin müştərək davam etdirilməsini məqsədəuyğun hesab edib. Qonaq iyulun 7-nə qədər azərbaycanlı həmkarlarının təcrübəsi ilə daha yaxından tanış olacaq və çöl tədqiqatlarında iştirak edəcək.

Qeyd edək ki, görüş 2011-ci ilin yayında AMEA ilə İtaliya Milli Tədqiqat Şurası arasında bağlanmış elmi əməkdaşlıq müqaviləsi çərçivəsində təşkil olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR