«Kredo Bank» ötən il mənfəətini 20% artırıb

«Kredo Bank» ötən il mənfəətini 20% artırıb
# 08 fevral 2012 13:36 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Kredo Bank» ACS-nin aktivlərinin həcmi 2012-ci il yanvarın 1-nə 90,418 mln. manat təşkil edib ki, bu da 2011-ci ilin əvvəli ilə müqayisədə 8,1% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində bankın kredit portfeli 21% artaraq 78,804 mln. manat, o cümlədən qısamüddətli kreditlər (12 ayadək) 2,4% artaraq 23,036 mln. manat, uzunmüddətli kreditlər (12 aydan çox) 4,8% artaraq 44,799 mln. manat, istehlak kreditləri isə 75% artaraq 14,497 mln. manat olub.

Bu müddət ərzində bankın vaxtı keçmiş kreditləri 2,7 dəfə artaraq 10,969 mln. manata, Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə verilən kreditlərin həcmi 2,7 dəfə artaraq 2,144 mln. manat, bankın öz proqramı vasitəsi ilə verdiyi ipoteka kreditlərinin həcmi isə 68% artaraq 33,069 mln. manat təşkil edib.

Hesabat ilində bankın depozit portfeli 24% artaraq 13,772 mln. manata, o cümlədən müddətli depozitlər 12,2% artaraq 9,837 mln. manata, tələb olunanadək depozitlər 66% artaraq 3,935 mln. manata, əhalinin əmanətləri isə 51% artaraq 13,771 mln. manata çatıb.

Təhlil olunan dövr ərzində bankın məcmu kapitalı 31% artaraq 22,550 mln. manat, o cümlədən nizamnamə kapitalı 32% artaraq 20,540 mln. manat təşkil edib.

Qeyd edək ki, ötən il bankın ümumi gəlirləri 25% artaraq 8,634 mln. manat, xərcləri isə 26% artaraq 8,272 mln. manat olub. Nəticədə, bankın mənfəəti 19% artaraq 362 min manata çatıb.

Xatırladaq ki, təsisçisi 11 yerli fiziki şəxs olan «Kredo Bank» ASC 1994-cü ildə yaradılıb. Bankın ölkə üzrə 15 filialı, 5 bankomatı və 90 POS-terminalı fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR