Azərbaycanda qeyri-qida istehlak mallarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə 34 mal kateqoriyası və 1 200-dən çox mal növü müəyyənləşdirilib, bu sahədə 47 milli texniki reqlament layihəsi hazırlanıb.
“APA-Economics” xəbər verir ki, bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Standartlaşdırma, texniki tənzimləmə və sertifikatlaşdırma şöbəsinin müdiri Elməddin Quluyev qurumun təşkilatçılığı ilə keçirilən “Qeyri-qida istehlak mallarının təhlükəsizliyi mövzusunda maarifləndirmə tədbirində deyib.
Onun sözlərinə görə, müəyyən edilmiş kateqoriyalara yüngül sənaye və mebel məhsulları, oyuncaqlar, qaz yanacağı ilə işləyən avadanlıqlar, attraksionlar, uşaq oyun meydançaları üçün mallar, liftlər və texniki vasitələrin elektromaqnit uzlaşması ilə bağlı məhsullar daxildir.
Elməddin Quluyev vurğulayıb ki, reqlament layihələri ilə bağlı istehlakçılardan, istehsalçılardan və xarici ticarət fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektlərindən çoxsaylı rəy və təkliflər daxil olub. Layihələrin hazırlanmasına müvafiq sahələr üzrə dövlət qurumları da cəlb edilib.