ARDNF: ABŞ və AB-nin maliyyə sanksiyaları “Bank VTB”nin fəaliyyətinə ciddi təsir etməyəcək

ARDNF: ABŞ və AB-nin maliyyə sanksiyaları “Bank VTB”nin fəaliyyətinə ciddi təsir etməyəcək
# 01 avqust 2014 12:15 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. ABŞ və Avropa Birliyinin (AB) Ukrayna hadisələri ilə əlaqədar Rusiyanın banklarına, o cümlədən “VTB”-yə qarşı maliyyə sanksiyaları bankın fəaliyyətinə ciddi təsir etməyəcək.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Rusiya banklarına qarşı tətbiq olunan maliyyə sanksiyalarına münasibəti belə olub.

Fonddan “APA-Economics”ə verilən məlumatda deyilir: “Bankın dayanıqlığı və kredit ödəmə qabiliyyətini nəzərə alaraq biz hesab edirik ki, Rusiya kompaniyaları və banklarına, o cümlədən “VTB” bankına qarşı elan edilmiş bu sanksiyalar, eləcə də sanksiyalarla əlaqədar məhdudiyyətlər bankın investorlar, əmanətçilər və kreditorlar qarşısındakı öhdəliklərinə mənfi təsir etməyəcək. Məlum dəyişiklik qısa müddətli titrəyişə səbəb ola bilər. Bununla belə, ARDNF-in investisiya strategiyası uzunmüddətli olduğundan bu sanksiyaların ciddi təsiri olmayacaq”.

Qeyd edək ki, investisiya siyasətinə uyğun olaraq, investisiya portfelinin diversifikasiyası və uzunmüddətli gəlirliliyinin artırılması məqsədilə ARDNF 2013-cü ildə “Bank VTB” ASC tərəfindən emissiya edilmiş 500 milyon ABŞ dolları həcmində səhmləri alaraq bankın ümumi səhm kapitalında 2,99%-lik paya sahib olub.

Xatırladaq ki, maliyyə sanksiyalarına əsasən, ABŞ və AB-nin vətəndaşları və kompaniyaları Rusiya bankları, eləcə də dövlət mülkiyyəti və onların törəmə strukturları tərəfindən 90 gündən artıq müddəti əhatə edən yeni səhm və istiqrazları və ya oxşar maliyyə alətlərini nə ala, nə də ki, sata bilərlər.

Rusiyaya məxsus “Bank VTB” ASC və onun törəmə strukturu olan “Bank VTB (Azərbaycan)” bu sanksiyalara baxmayaraq bankın kartlardan istifadə etməklə maliyyə vəsaitləri və hesabların köçürülməsi də daxil olmaqla, depozit və kredit müqavilələrində nəzərdə tutulan bütün xidmətləri təqdim edəcəyini və öz səhmdarları, müştəriləri və investorları qarşısında bütün öhdəliklərini yerinə yetirəcəyini bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR