Bakıda «HOREX Caucasus 2013» sərgisi keçiriləcək

Bakıda «HOREX Caucasus 2013» sərgisi keçiriləcək
# 04 mart 2013 08:14 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Aprelin 4-dən 6-dək Böyük Britaniyanın «ITE Group» şirkətinin Qafqazdakı eksklyuziv tərəfdaşı olan «Iteca Caspian» şirkətinin təşkilatçılığı ilə Bakıda regionun mehmanxana və restoran sənayesinin yeganə ixtisaslaşdırılmış tədbiri – «HOREX Caucasus 2013» VII Qafqaz Beynəlxalq «Mehmanxanalar, Restoran və Supermarketlər üçün avadanlıq və ləvazimatlar» sərgisi keçiriləcək.

«Iteca Caspian»dan «APA-Economics»ə verilən məlumata görə, «HOREX Caucasus 2013» sərgisində mehmanxana və restoran biznesi, eləcə də biznes müəssisələri üçün məhsullarını nümayiş etdirən Azərbaycan, Almaniya, İtaliya, Kanada, Lüksemburq, Türkiyə və Rusiyanın 30-dan çox şirkəti iştirak edəcək. Stendlərdə tekstil dizaynı və müxtəlif növ interyerlər üçün dekorlar üzrə məhsullar, mehmanxanalar üçün kosmetik vasitələr və ətriyyat, beşulduzlu otellərdən tutmuş «fast-food» sistemində fəaliyyət göstərən müəssisələrə qədər müxtəlif profillər üçün peşəkar mətbəxin yaradılması üzrə avadanlıqlar, restoranlar üçün qab-qacaq və şüşə materiallar, təmizlik vasitələri və müasir təmizləmə avadanlıqları, restoranlar şəbəkəsi üçün idarəetmə üzrə proqram təminatı və digər məhsullar nümayiş etdiriləcək. Sərginin ekspozisiyasında supermarketlər üçün alış-veriş arabaları və müxtəlif səbətlər kimi avadanlıqlar da təqdim olunacaq. Sərginin «Hotel, restoran və kafelər üçün içkilər» («HoReCa») bölümündə isə şərab, məşhur brendlərin istehsalı olan çay və qəhvə, eləcə də içməli su növləri nümayiş etdiriləcək.

Sözügedən sərgi Azərbaycanın regionlarından olan əksər mehmanxanalarının iştirak etdiyi «AITF-2013» Azərbaycan Beynəlxalq «Turizm və səyahət» sərgisi ilə eyni meydançada keçiriləcək. Sərgilərin birlikdə keçirilməsi mehmanxana nümayəndələrinə «HOREX Caucasus 2013» sərgisində nümayiş etdirilən yeni texnologiyalarla birbaşa tanış olmaq üçün imkan yaradacaq. İştirakçılar isə öz stendlərində təqdimatlar və ustad dərsləri («master klass») keçirəcək və burada iştirakçı və ziyarətçilər yeni avadanlıqları bilavasitə istismar şəraitində görə biləcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR