Los-Ancelesdə Azərbaycanla bağlı tədbir keçirilib - FOTOSESSİYA

Los-Ancelesdə Azərbaycanla bağlı tədbir keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 07 fevral 2013 09:20 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Dövlət Gömrük Komitəsinin və Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun birgə təşkilatçılığı ilə Los-Anceledə “Azərbaycan Los Anceles ilə görüşür” adlı geniş tədbir keçirilib. Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan APA-ya verilən məlumata görə, nüfuzlu Skirball Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Los -Anceles şəhəri və vilayətinin təmsilçiləri, Kaliforniya yerli qanunvericilik orqanının nümayəndələri, universitet professorları, iş adamları, xarici ölkələrin baş konsulları, KİV nümayəndələri, Hollivud filmlərinin bəstəkarları və digər mədəniyyət xadimləri, eləcə də Azərbaycan və yəhudi icmalarının üzvləri iştirak ediblər.

Tədbir Azərbaycan muğam triosunun və Amerikan caz qrupunun ifasında muğam-jazz sintezi konserti ilə başlayıb. Mahir instrumental ifaçılar İmamyar Həsənov (kamança), Rüfət Həsənov (tar) və Elşən Qasımovun (nağara) ifa etdiyi Azərbaycan muğam və xalq musiqisi nömrələri məşhur gitaraçı Piter Spraqın rəhbərlik etdiyi caz qrupu tərəfindən müşayiət olunub. Sənətkarların ifaları tamaşaçıların sürəkli alqışları ilə qarşılanıb.

Konsertdən sonra “Azərbaycan Gömrüyü mədəni dəyərlərin keşiyində” adlı sərginin açılışı olub. Sərgidə Azərbaycan Dövlət Gömrük Komitəsi muzeylərində saxlanılan, Komitə əməkdaşları tərəfindən zaman-zaman qaçaqmalçılardan müsadirə olunmuş qədim və dəyərli incəsənət əsərləri nümayiş etdirilir.

Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev tədbiri açaraq, qonaqları salamlayıb və bu kimi tədbirlərin keçirilməsinin Azərbaycanın Kaliforniyada daha da tanınması, eləcə də Azərbaycan və ABŞ xalqları arasındakı dostluq bağlarının daha da gücləndirilməsi baxımından yüksək önəm daşıdığını bildirib.

Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev çıxışında Dövlət Gömrük Komitəsinin mədəni dəyərlərin qorunması və gələcək nəsillərə çatdırılması sahəsində gördüyü işlərdən, sərgidə nümayiş etdirilən eksponatların yüksək bəşəri önəmindən bəhs edib. Natiq, həmçinin, Dağlıq Qarabağ kimi nəzarət olunmayan ərazilərdən istifadə yolu ilə mədəni dəyərlərin oğurlanmasının bəşəriyyətin mədəni irsinə zərbə vurduğunu qeyd edərək, belə halların qarşısının alınmasının vacibliyini vurğulayıb.

Daha sonra ABŞ Dövlət Departamentinin Təhlükəsizlik İdarəsinin Los-Anceles bölməsinin direktoru Vesli Veller və Los-Anceles Vilayətinin protokol xidmətinin rəhbəri Lurdes Saab çıxış edərək, belə bir tədbirin keçirilməsinə görə təşəkkürlərini bildiriblər.

Xatırladaq ki, növbəti tədbirin 8 fevral tarixində Kaliforniyanın San-Dieqo şəhərində keçirilməsi planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR