Rövnəq Abdullayev: "Tariflərin artırılmasına baxmayaraq, “Bakı-Novorossisyk”lə neftin nəqli davam edəcək”

Rövnəq Abdullayev: "Tariflərin artırılmasına baxmayaraq, “Bakı-Novorossisyk”lə neftin nəqli davam edəcək”
# 04 aprel 2015 10:12 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev “Transneft” şirkətinin Bakı-Novorossiysk” kəməri ilə neft nəqli tariflərinin 30% artırılması ilə bağlı Rusiya Federal Tarif Şurasına müraciətinə münasibət bildirib.

APA-Economics”in məlumatına görə, SOCAR prezidenti jurnalistlərə açıqlamasında bildirib ki, onun rəhbərlik etdiyi şirkət “Bakı-Novorossiysk” kəməri ilə nefti kommersiya şərtləri əsasında nəql edir. Halbuki, bundan öncə sözügedən kəmər vasitəsilə neft Rusiya və Azərbaycan arasında imzalanan Hökumətlərarası Saziş əsasında nəql olunub: “Bakı-Novorossiysk”lə kommersiya şərtləri ilə işləyirik. Əvvəl dövlətlərarası sazişlə işləyirdik. Rusiya bunu dayandırdı və kommersiya şərtlərinə keçdi. Açığı, kommersiya şərtləri ilə dövlətlərarası şərtlərdən daha ucuz qiymətə nəql edirik. Rusiya rublunun devalvasiyası qiyməti bizə çox sərf edirdi. Mən deyərdim keçmişə nisbətən 2 dəfə ucuz başa gəlirdi. Bilirsiniz ki, prezident İlham Əliyevin strateji nəzər nöqtəsidir ki, bu xətti daim çalışdırmalıyıq. Bizim diversifikasiya olunmuş neft kəmərlərimiz var. Bu o deməkdir ki, Azərbaycan neftinin dünya bazarına çıxarılması üçün heç bir problem yoxdur”.

Xatırladaq ki, Rusiya Federal Tarif Şurası tariflərin artırılmasına aprelin 7-də baxacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR