Frankfurtda polislə nümayişçilər arasında toqquşmalarda çoxlu sayda insan xəsarət alıb və saxlanılıb

Frankfurtda polislə nümayişçilər arasında toqquşmalarda çoxlu sayda insan xəsarət alıb və saxlanılıb
# 19 mart 2015 15:07 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Martın 18-də Almaniyanın Frankfurt şəhərində Avropa Mərkəzi Bankının 1,4 milyard dollarlıq mənzil-qərargahının açılışına etiraz olaraq keçirilən aksiya kütləvi iğtişaşa çevrilib.

APA-nın məlumatına görə, 90 həmkarlar təşkilatını, anti-kapitalist qrupları və sosialist partiyaları özündə birləşdirən “Blockupy” hərəkatının təşkilatçılığı ilə keçirilən aksiya 185 metrlik göydələnin açılışından bir neçə saat əvvəl başlayıb. Etirazçılar Remerberq meydanına toplaşıblar. Onların əsas şüarları “Kapitalizmə ölüm! Yaşasın sosializm!” olub. Kütlə Avropa Mərkəzi Bankın yeni binasına doğru yürüşə başlayarkən onların qarşısını polis kəsib və toqquşma baş verib. Polis dəyənəklər, su püskürdən maşınlar və gözyaşardıcı qazdan istifadə edib. Qarşıdurma zamanı 7 polis maşını yandırılıb, daha 7-sinə xəsarət yetirilib, 88 polis yaralanıb, 500-dən çox aksiya iştirakçısı müvəqqəti saxlanılıb. Həbs edilənlər var. Təxminən 100 aksiya iştirakçısının xəsarət aldığı və qazdan zəhərləndiyi bildirilir.

Aksiya təşkilatçıları daha sonra açıqlamalarında polis avtomobillərini yandırmaq niyyətində olmadıqlarını bildiriblər. Əsas məqsəd mənzil-qərargahın açılışını boykot etmək olub. “Blochupy” solçu-radikal hərəkatı hesab edir ki, sərt iqtisadi rejimin və yoxsulluğun hökm sürdüyü bir vaxtda açılış etməyin mənası yoxdur. Hərəkat etiraz aksiyalarında 20 mindən çox adamın iştirak etdiyini açıqlayıb. Polis isə aksiya iştirakçılarının sayının 17 min nəfər olduğunu deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR