Azərbaycanda sosial xidmət qanunvericiliyinin pozulmasına görə cərimələr sərtləşdirilib

Azərbaycanda sosial xidmət qanunvericiliyinin pozulmasına görə cərimələr sərtləşdirilib
# 22 fevral 2013 10:31 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva - APA. Azərbaycanda sosial xidmət qanunvericiliyinin pozulmasına görə cərimələr sərtləşdirilib. APA-nın xəbərinə görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib.

Dəyişiklik barədə MM-in komitə sədri Əli Hüseynli məlumat verib. Onun sözlərinə görə, məcəlləyə edilən dəyişikliyə əsasən, dövlət tərəfindən göstərilən sosial xidmətə olan tələbatın qiymətləndirilməsi, müəyyən edilməsi və qərar qəbul edilməsi üçün düzgün olmayan məlumatların verilməsinə görə 50 manat miqdarında cərimə tətbiq ediləcək.

Eyni zamanda dövlət tərəfindən sosial xidmət göstərilməsinin dayandırılmasına təsir göstərən dəyişikliklər barədə sosial xidmət göstərən subyektlərin məlumatlandırılmamasına görə 50 manat cərimə müəyyən ediləcək. Sosial xidmətə tələbatı olmayan şəxsin qanunsuz və ya əsassız olaraq dövlət tərəfindən sosial xidmətə götürülməsi və ya dövlət tərəfindən sosial xidmət göstərilməsi üçün əsaslar olduqda, şəxsin sosial xidmətə götürülməsindən imtina edilməsinə görə vəzifəli şəxslər 100 manat miqdarında cərimə ediləcək. Sosial xidmətin göstərilməsi və ya sosial xidmətin göstərilməsindən imtina barədə qərar haqqında qanuna müəyyən olunmuş müddətdə müraciət edən şəxsə rəsmi məlumatın verilməməsi və ya sosial xidmətdən imtina barədə qərarda imtinanın səbəblərinin göstərilməməsinə görə vəzifəli şəxslər 100 manat miqdarında cərimə olunacaq. Sosial xidmət göstərilməsinin keyfiyyətini, həcmini və şərtlərini müəyyən edən tələblərin pozulmasına görə isə fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 150 manat miqdarında cərimə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR