"Gilan Holdinq": Sahibkarlıq subyektlərində yoxlamaların dayandırılması prezident tərəfindən iş adamlarına verilən dəstək idi

"Gilan Holdinq": Sahibkarlıq subyektlərində yoxlamaların dayandırılması prezident tərəfindən iş adamlarına verilən dəstək idi
# 27 oktyabr 2015 13:09 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Cari ilin noyabrın 1-dən sahibkarlıq sahəsində aparılan yoxlamaların iki il müddətinə dayandırılması, lisenziyaların sayının minimuma endirilməsi və verilmə qaydalarının sadələşdirilməsi prezident İlham Əliyev tərəfindən iş adamlarına verilən dəstək kimi qiymətləndirilir.

"APA-Economics"in məlumatına görə, bunu "Gilan Holdinq"in İdarə Heyətinin sədri Cəmil Muradov "Sahibkarlığın inkişafında yeni mərhələ: hədəflər və imkanlar" mövzusunda sahibkarlarla keçirilən görüşdə deyib.

C. Muradov bildirib ki, Azərbaycanda sahibkarlığın inkişafında yeni və olduqca mühüm məqam odur ki, iqtisadiyyatda inkişaf etdirilməsi olan sahələr çoxdur. O əlavə edib ki, dövlətin hazırkı əsas məqsədi qeyri-neft sektorunun inkişaf etdirilməsinə yönəlib.

“Prezident İlham Əliyev 2015-ci ilin 9 ayının yekunlarına həsr olunan iclasda sahibkarlıq sahəsində yoxlamalara son qoyulması, eləcə də, lisenziyaların sayının həddindən artıq çoxluğunun və bu sahədə sui-istifadə hallarını qeyd edərək bunun qarşısının alınacağını, nəticə çıxarmayanların cəzalandırılacaqlarını bildirmişdi. Artıq yeni fərman və qanuna əsasən 1 noyabr 2015-ci il tarixdən sahibkarlıq sahəsində aparılan yoxlamaların iki il müddətinə dayandırılması, lisenziyaların sayının minimuma endirilməsi və verilmə qaydalarının sadələşdirilməsi demək olar ki, cənab prezident tərəfindən iş adamlarına verilən dəstək kimi qiymətləndirilir. Azərbaycanda sahibkarlığın inkişafında yeni və olduqca mühüm məqam iqtisadiyyatda inkişaf etdirilməsi olan sahələr çoxdur və dövlətimizin hazırkı əsas məqsədi qeyri-neft sektorunun inkişaf etdirilməsinə yönəlib. Bu sahədə yersiz fəaliyyətlərin aradan qaldırılması vergi intizamının güclənməsinə təsir göstərəcək. Bu da öz növbəsində sahibkarların əlavə xərclərinin azalmasına, onların vergi ödənişlərinin müəyyən qədər artmasına səbəb olur”, - deyə C. Muradov vurğulayıb.

Holdinq rəhbəri əlavə edib ki, ümumiyyətlə verilmiş bu qərar ölkə başçısının sahibkarlığın inkişafı ilə bağlı siyasi iradəsini bir daha nümayiş etdirməklə yanaşı, özəl sektorun inkişafında yeni mərhələnin başlanması üçün geniş imkanlar yaradır: “Ölkəmizdə biznes mühitinin yaxşılaşdırılmasına yönələn addımlar bütün sahibkarlar kimi, “Gilan Holdinq” maliyyə-sənaye qurumunun çoxsaylı kollektivi adından birmənalı olaraq çox müsbət qarşılanıb. Prezident tərəfindən verilən bu qərarlar biznes sahəsində fəaliyyət göstərən iş adamlarının və hər bir müəssisədə çalışan əmək kollektivi üzvlərini milli inkişafın aktiv qüvvəsi kimi fəaliyyət göstərməyə, neqativ hallara qarşı barışmaz mövqe tutmağa çağırır. Sonda “Gilan Holdinq” maliyyə-sənaye qurumunun kollektivi və bütün sahibkarlar adından qeyd etmək istərdim ki müasir Azərbaycan dövlətinin sürətli inkişaf modelinin yaradıcısı olan Prezident İlham Əliyev ölkə iqtisadiyyatının inkişafı ilə bağlı hər zaman nümayiş etdirdiyi siyasi iradəyə uyğun olaraq qəbul edilmiş qərar və tapşırıqların həyata keçirilməsi üçün “Gilan Holdinq” maliyyə-sənaye qurumunun kollektivi var qüvvəsi bundan sonra da əsirgəməyəcək və daha da fədakarlıqla çalışacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR