“Şimal axını”: yeni Rusiya-Almaniya ittifaqı? Təhlil

“Şimal axını”: yeni Rusiya-Almaniya ittifaqı?  <font color=#FF0000>Təhlil</font>
# 12 may 2008 11:33 (UTC +04:00)
Lakin proseslərin gedişatı onu göstərir ki, “Cənub axını”nın əksinə olaraq Baktikyanı ölkələrin heç də hamısı bu layihənin “əkiz qardaşı” olan “Şimal axını” layihəsinə yaşıl işıq yandırmaq niyyətində deyil. İngiliscə “Nord Stream” adlandırılan Şimali Avropa qaz kəməri layihəsi Rusiyanın Şimali Avropa üzərində enerji hakimiyyəti qurmasına kömək edəcək. Sankt-Peterburq yaxınlığındakı Vıborq şəhərindən başlayaraq Baltik dənizinin dibi ilə Almaniyaya qədər uzanacaq boru xəttinin uzunluğu 1200 km olacaq. Bu barədə saziş 2005-ci ildə Rusiyanın keçmiş prezidenti Vladimir Putinin Almaniyaya səfəri zamanı imzalanıb. Kəmərin inşasının 2009-cu ilin iyulunda başlaması və bir il ərzində başa çatdırılması planlaşdırılır. Boru xətti Avropa Birliyinin təbii qaza olan ehtiyacının 25%-ni ödəməyə imkan verəcək. Layihənin əhəmiyyəti təkcə bununla yekunlaşmır. Rusiya onun vasitəsilə Polşa və Litva arasında sıxışmış anklavı Kalininqrad vilayətinin enerji təchizatını da həyata keçirmək istəyir. Kəmər maksimum 210 metr dərinlikdən keçməklə “Cənubi Rus” və “Ştokman” qaz yataqlarından ildə 55 milyard kubmetr qaz nəql etməyə imkan verəcək. Ümumi dəyəri 7,4-12 milyard avro miqdarında hesablanan layihənin əsas səhmdarı “Qazprom” (51%), eləcə də Almaniyanın “E.ON” (20%), “BASF” (20%) və Hollandiyanın yeganə qaz operatoru olan “Gasunie” (9%) şirkətləridir.
Yeni qaz kəməri regiondakı qüvvələr nisbətini kökündən dəyişə bilər. Sazişin imzalanması dolayısı ilə yeni Rusiya-Almaniya siyasi ittifaqının yaranması deməkdir ki, bu da ilk növbədə bölgə dövlətlərini dərindən narahat edir. Polşanın keçmiş prezidenti Aleksandr Kvasnevski sazişin imzalanmasından dərhal sonra onu “Putin-Şröder paktı” kimi qiymətləndirmişdi. Polşa parlamentinin verdiyi bəyanatda isə bu kəmərin ölkənin təhlükəsizliyi və müstəqilliyinə qorxu törətdiyi vurğulanıb. 2005-ci ilin noyabrında Tallində keçirilən Baltik Assambleyasının iclasında Litva, Latviya, Estoniya və Polşa onların iqtisadi və ekoloji maraqlarını nəzərə almağı tələb edən qətnamə qəbul etmişdilər. “Şimal axını” layihəsinin əleyhdarları onun Baltik dənizində ekoloji fəlakət yaradacağından ehtiyatlanırlar. Üstəlik, dənizin dibində faşist Almaniyasından qalma partlayıcı maddələr və kimyəvi silahlar mövcuddur. Təsadüfi deyil ki, Belarus prezidenti Aleksandr Lukaşenko 2007-ci ildə verdiyi bəyanatda kəməri “Rusiyanın ən axmaq layihəsi” adlandırıb. Keçən ilin sonunda Estoniya hökuməti kəmərin döşənməsi üçün onun ərazi sularında araşdırma işlərinin aparılması xahişini rədd etdiyini bildirib. Skandinaviya ölkələrindən İsveç də layihənin əleyhinə olduğu halda, qaza ehtiyacının 40%-ni Rusiyanın hesabına təmin edən Finlandiya onun qatı tərəfdarıdır. İsveçin baş naziri Qoran Person dənizin dibindən qaz kəmərinin çəkilməsini böyük səhv adlandıraraq Stokholmun buna mane olacağını deyib. Əvəzində Finlandiyanın keçmiş xarici işlər naziri İlkka Kanerva bildirmişdi: “Finlandiyanın bu layihənin əleyhinə çıxması qəribə olardı, çünki bu, ən əvvəl bizim təşəbbüsümüz olub”. Başqa bir maraqlı məqam layihənin “ikinci atası” olan keçmiş kansler Gerhard Şröderin adı ilə bağlıdır. Belə ki, “Şimal axını” barədə saziş onun hakimiyyəti təhvil verməsinə 10 gün qalmış imzalanıb və bundan sonra keçmiş baş nazirin kəmər üzrə yaradılmış konsorsiuma rəhbərlik edəcəyi barədə xəbərlər yayılıb. Bu isə onun barəsində Almaniyada olduqca mənfi rəyin yaranmasına gətirib çıxarmışdı. Uzun müddət layihə əleyhinə mübarizə apardıqdan sonra deyəsən, Baltik ölkələri mövqelərini dəyişdirərək qarşısını ala bilmədikləri prosesə nəzarət etmək niyyətinə düşüblər. Polşanın baş naziri Donald Tusk fevral ayında Moskvaya səfəri zamanı kəmərin plan üzrə olduğu kimi, dənizin dibi ilə deyil, Estoniya, Latviya, Litva və Polşanın ərazisindən keçməklə çəkilməsini təklif edib. Lakin Rusiya siyasi incikliyi olan bu ölkələri prosesdən kənarda saxlamaqda qərarlıdır. Ona görə də üç dəfə ucuz və təhlükəsiz olmasına baxmayaraq, Polşanın alternativ “Şimal axını” layihəsi Kremldə o qədər də entuziazmla qarşılanmayıb. Bundan sonra başqa bir gediş edən “Baltik dördlüyü” məsələyə Avropa Birliyinini qoşub. Belə ki, Avropa Komissiyası “Şimal axını” konsorsiumu tərəfindən ətraf mühitin mühafizəsi tələblərinin nə dərəcədə yerinə yetirildiyini ətraflı yoxlamaq niyyətini açıqlayıb. AB-nin ətraf mühit üzrə komissarı Stavros Dimas bildirib ki, bu olqduqca mühüm və mürəkkəb layihənin həyata keçirilməsi üçün birliyin bütün müvafiq qanunlarına hörmətlər yanaşılmalıdır: “Avropa Komissiyası ətraf mühitin mühafizəsinə dair Avropa qanunlarına hörmət etməyən dövlətləri məhkəməyə verməkdə tərəddüd etməyəcək”. “Şimal axını” layihəsinin direktoru Dirk fon Ameln isə bütün bunların əksini iddia edir: “Layihə Baltik dənizinin ekolloji mühitinin mühafizəsini bütövlükdə öz üzərinə götürür”.
Rusiyanın TSK şirkəti mart ayından etibarən yeni kəmərin döşənməsi üçün lazım olan boruları Baltik dənizi sahillərinə boşaltmaqdadır. Bir sözlə, əgər Avropa Birliyi vahid mövqe nümayiş etdirməzsə, tezliklə “Şimal axını” və onun gətirəcəyi yeni geosiyasi gerçəkliklərin şahidi olacağıq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR