9 illik bazadan kolleclərin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyən abituriyentlərin qeydiyyatı başlanır

9 illik bazadan kolleclərin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyən abituriyentlərin qeydiyyatı başlanır
# 20 may 2015 10:34 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Mayın 20-dən ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyən abituriyentlərin qeydiyyatı başlanır.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) APA-ya verilən xəbərə görə, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyən abituriyentlərin mayın 20-dən iyunun 2-dək qeydiyyatı aparılır. Həmin abituriyentlər “Abituriyentin elektron ərizəsi”nin təsdiqini təmin etdikdən sonra tələb olunan sənədləri Qeydiyyat Komissiyasına təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Qeydiyyat komissiyaları hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 9-dan 17-dək müvafiq ünvanlarda fəaliyyət göstərir. Bunlar Azərbaycan Memarlıq və İnşaat Universiteti, TQDK-nın Naxçıvan MR Regional Bölməsi, Azərbaycan Texnologiya Universiteti, TQDK-nın Şəki Regional Bölməsi, TQDK-nın Lənkəran Regional Bölməsi, TQDK-nın Xaçmaz Regional Bölməsi, Ağcabədi şəhəri M.F.Axundov adına şəhər 3 saylı məktəb-lisey, TQDK-nın Şirvan Regional Bölməsi, TQDK-nın Göyçay Regional Bölməsindədir.


Qeydiyyatdan keçmiş abituriyentlər TQDK tərəfindən keçirilən qəbul imtahanında iştirak edirlər. İmtahanda topladıqları ümumi balları müvafiq müsabiqə şərtlərini ödəyən abituriyentlər müəyyən edilmiş cədvəl üzrə iyulun 7-dən 11-dək seçmə tura qatılırlar. Seçmə turlar Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkil etdiyi Yaradıcılıq Qabiliyyətinin Yoxlanılması Komissiyaları tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilir.


Məlumat üçün bildirək ki, Bədən tərbiyəsi və idman istiqamətinin, həmçinin Musiqi sənəti istiqamətinin “Musiqi müəllimliyi”, “Musiqi nəzəriyyəsi”, “Xor dirijorluğu”, “İnstrumental ifaçılıq (alətlər üzrə)” və “Xalq çalğı alətləri ifaçılığı (alətlər üzrə)” (Azərbaycan Milli Konservatoriyası (AMK) nəzdində Musiqi Kollecinin “İnstrumental ifaçılıq (alətlər üzrə)”, “Xalq çalğı alətləri ifaçılığı (alətlər üzrə)” və “Musiqi nəzəriyyəsi” ixtisasları istisna olmaqla) ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər seçmə turda iştirak etmirlər. Təsviri sənət, Teatr, kino və xoreoqrafiya sənətləri istiqamətlərinin və Musiqi sənəti istiqamətinin “Xanəndəlik”, “Vokal sənəti”, “Aşıq sənəti”, həmçinin AMK nəzdində Musiqi Kollecinin “İnstrumental ifaçılıq (alətlər üzrə)”, “Xalq çalğı alətləri ifaçılığı (alətlər üzrə)” və “Musiqi nəzəriyyəsi” ixtisaslarını yalnız seçmə tur zamanı müvafiq yoxlamadan “məqbul” alan abituriyent seçə bilər.


Qeyd edək ki, abituriyentlər xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, digər ixtisasları da seçmək imkanına malikdirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR