UNESCO-da Azərbaycanın Qarabağ atüstü oyunu-çövkənə həsr olunmuş sərgi açılıb

UNESCO-da Azərbaycanın Qarabağ atüstü oyunu-çövkənə həsr olunmuş sərgi açılıb
# 07 may 2015 14:19 (UTC +04:00)

Bakı-APA. Mayın 6-da UNESCO-nun Baş Qərargahında Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan UNESCO yanında Daimi Nümayəndəliyinin təşkilatçılığı ilə UNESCO-nun Təcili Qorunmaya Ehtiyac olan Qeyri-Maddi Mədəni İrs üzrə Siyahısına daxil edilmiş Azərbaycanın Qarabağ atüstü oyunu-çövkənə həsr olunmuş sərginin açılışı keçirib.

Tədbirdə, həmçinin məşhur fransız yazıçı və ekspert, Jan-Lui Quronun müəllifi olduğu “Qarabağ atı” kitabı da təqdim olunub. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbir mayın 16-da UNESCO-da keçiriləcək Avropa Muzeylər Gecəsi çərçivəsində düzənlənib.

UNESCO-nun baş direktorunun mədəniyyət məsələləri üzrə müavini Alfredo Perez Azərbaycanın qurumun 2003-cü il Qeyri-maddi mədəni irsin qorunması üzrə Konvensiyanın implementasiyasında aktiv rolunu yüksək qiymətləndirib. Baş direktorun müavini çövkənin 2013-cü ildə siyahısına daxil edildiyini xatırladıb.

Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Anar Kərimov qədim çövkənin Azərbaycanın Qarabağ bölgəsinin atları ilə əlaqədar olduğunu bildirib. Çövkən oyununun artıq Qarabağla yanaşı, ölkəmizin digər regionlarında da yayıldığı diqqətə çatdırılıb.

“Qarabağ atı” kitabının müəllifi isə oyunun məhz Qarabağ atlarının üstündə oynandığını qeyd edib. Bildirilib ki, Azərbaycan hökuməti tərəfindən Qarabağ atlarının qorunmasına və artmasına böyük qayğı göstərilir. Yazıçı Qarabağ atının dünyada 3 “təmiz qanlı” at növündən biri olduğunu vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR