Tələbə və məzunların əmək bazarına inteqrasiyası məqsədilə tədbir keçirilib

Tələbə və məzunların əmək bazarına inteqrasiyası məqsədilə tədbir keçirilib
# 10 aprel 2014 08:23 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən yuxarı kurs tələbələri və məzunların əmək bazarına inteqrasiyasına köməklik göstərilməsi məqsədilə “Odlar Yurdu” Universitetində “Karyerada ilk addım” devizi altında aktiv məşğulluq tədbiri keçirilib.

APA-nın məlumatına görə, tədbirdə 9-u dövlət, 77-si isə özəl sektora aid ümumilikdə 86 müəssisə və təşkilat tərəfindən 855 boş (vakant) iş yeri tələbə və məzunların seçiminə təqdim edilib. İri şirkətlərdən “AtaHolding” ASC, “Azercell Telekom” MMC, “Bakcell LTD” MMC, “European Tobacco-Baku” ASC, “Nurgün Qrup” MMM, “Parabank” ASC, “Holcim Qaradağ Sement” ASC, “Norm” şirkəti, “Avanqard” MMC, “RabitəBank” ASC və digər iri müəssisələr də vakant iş yerləri ilə tədbirdə iştirak ediblər.

Tədbirdə müvəqqəti xarakterli işlərlə təmin olunmaq üçün Səyyar Əmək Birjası da fəaliyyət göstərib. Eyni zamanda tələbə və məzunlar mövcud əmək bazarında onların ixtisaslarına olan tələbat barədə məlumat əldə etmək, işəgötürənlərlə ilkin əlaqələr qurmaq, həmçinin işəgötürənlər müasir tələblərə cavab verən ixtisaslı kadrların seçimini aparmaq imkanı qazanıblar.

Bununla yanaşı, tədbir zamanı fəaliyyət göstərən məsləhət otağında tələbə və məzunlara iş axtarmağın metodologiyası aşılanıb, onlara iş axtarma şəbəkəsini müəyyənləşdirmək, özünü işəgötürənə təqdim etmək, işə daxil olmaq üçün müsahibəyə hazırlaşmaq, CV hazırlamaq və s. barədə məsləhətlər verilib.

Qeyd edək ki, gənclərin əmək bazarına çıxışının dəstəklənməsinə və səmərəli məşğulluğunun təminatına xidmət edən belə tədbirlərin il ərzində digər bir sıra ali təhsil müəssisələrində, o cümlədən Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir şəhərlərindəki ali təhsil ocaqlarında də keçirilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR