Fikrət Məmmədov və Ramiz Rzayev Sinqapurda səfərdə olub

Fikrət Məmmədov və Ramiz Rzayev Sinqapurda səfərdə olub
# 04 noyabr 2013 16:02 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Dünya Bankı ilə birgə həyata keçirilən “Ədliyyə sisteminin müasirləşdirilməsi” layihəsi çərçivəsində ədliyyə naziri Fikrət Məmmədov və Ali Məhkəmənin sədri Ramiz Rzayev Sinqapurda səfərdə olublar.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə həmçinin, ədliyyə nazirinin müavini Azər Cəfərov, hakim, ədliyyə işçiləri və İKT üzrə ekspertlər daxil ediliblər.

Səfər zamanı Sinqapurun Ədliyyə Nazirliyində keçirilmiş görüşdə Azərbaycanda məhkəmə və ədliyyə sisteminin müasirləşdirilməsi, bu sahədə infrastrukturun yaxşılaşdırılması barədə məlumat verilib.

Sinqapurun ədliyyə üzrə dövlət naziri İndranee Rajah hüquqi sahədə əlaqələrin dərinləşdirilməsi üçün geniş perspektivlərin olduğunu vurğulayıb.

Həmçinin Sinqapur Ali Məhkəməsinin sədri Sundareş Menon ilə görüş keçirilib, iki dövlət arasında olan əlaqələrin müsbət dinamikası, təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb.

Səfər çərçivəsində Sinqapur Ali Məhkəməsinin təşkilatçılığı ilə “Hüquq sisteminə inamın artırılması üçün məhkəmə fəaliyyətinin inkişafı” mövzusunda keçirilmiş beynəlxalq konfransda da iştirak edilib. Tədbirdə ədalət mühakiməsinin effektiv həyata keçirilməsi və ona ictimai etimadın yüksəldilməsi, korrupsiyaya qarşı mübarizə, hakimlərin tədrisi və digər aktual mövzular müzakirə olunub.

Konfransda ədliyyə naziri Fikrət Məmmədov çıxış edərək ölkəmizdə məhkəmə sistemində aparılan islahatlardan danışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR