BAXCP müdafiə xərclərinin artırılmasını təklif edib

BAXCP müdafiə xərclərinin artırılmasını təklif edib
# 18 noyabr 2013 10:04 (UTC +04:00)

Bakı - APA. Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin iclası keçirilib.

BAXCP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, İdarə Heyətində müzakirəyə çıxarılan ilk məsələ 2014-cü ilin büdcə layihəsi ilə bağlı olub.

BAXCP İdarə Heyəti dövlət büdcəsi layihəsində nəzərdə tutulan 1,6 milyard manat müdafiə xərclərinin torpaqları işğal altında olan bir ölkə üçün həddən artıq az olduğunu bəyan edib və hökuməti dövlət büdcəsində müdafiə xərclərini 20-22 faizədək artırmağa çağırıb.

BAXCP İdarə Heyəti büdcə layihəsində vətəndaş cəmiyyəti quruculuğu prosesinə verilən dəstəyin də artırılmasını mühüm sayır. Qeyd edilib ki, hökumət təkcə ölkənin iqtisadi inkişafı deyil, vətəndaş cəmiyyəti quruculuğu prosesinin sürətləndirilməsi haqqında da düşünməli və bu prosesə dəstəyini artırmalıdır. Partiya qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri və siyasi partiyalara dövlət tərəfindən maliyyə vəsaiti ayrılmasını mühüm addım kimi qiymətləndirir və hesab edir ki, 2014-cü ilin dövlət büdcəsində bu istiqamətlərə ayrılan vəsait bu sahələrdə fundamental irəliləyişə nail olmaq üçün yetərli deyil. BAXCP bu vəsaitlərin əhəmiyyətli dərəcədə artırılmasını zəruri sayır. BAXCP İdarə Heyəti büdcədən maliyyələşən sosial qruplar arasında ən aztəminatlı olan həkimlərin və müəllimlərin əmək haqlarının artırılmasını da vacib hesab edib. İdarə Heyəti Azərbaycan hökumətini bu sahədə mövcud olan problemlərin həlli üçün güc strukturlarının tərkibindəki ixtisaslaşdırılmış akademiyalar istisna olmaqla, bütün ali və orta ixtisas təhsil müəssisələrini və səhiyyə obyektlərini özəlləşdirməyə, təhsil kreditlərinin verilməsi və icbari tibbi sığortanın tətbiqi ilə bağlı təxirəsalınmaz addımlar atmağa çağırıb.

İdarə Heyətinin toplantısında BAXCP Ali Məclisinin növbəti sessiyasının çağırılması ilə bağlı qərar qəbul edilib. Ali Məclisin növbəti iclası dekabrın 1-də BAXCP-nin mərkəzi mənzil qərargahında keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR