Azərbaycan poçt vasitəsilə xaricdən sifarişlərin gömrükdən keçirilməsini sadələşdirib

 Azərbaycan poçt vasitəsilə xaricdən sifarişlərin gömrükdən keçirilməsini sadələşdirib
# 10 dekabr 2013 14:43 (UTC +04:00)

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, bununla bağlı Nazirlər Kabinetinin qərarı ilə «Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları» təsdiq edilib. Yeni Qaydalarda əksini tapmış əsas prinsipial məqamlardan biri də ondan ibarətdir ki, beynəlxalq poçt göndərişləri vasitəsilə eyni fiziki şəxsin adına 30 gün müddətində ümumi gömrük dəyəri 1000 ABŞ dolları ekvivalenti məbləğindən artıq olmayan gömrük ərazisinə gətirilən qeyri-kommersiya, yaxud qeyri-istehsal xarakterli mallar güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilməklə poçt vasitəsilə gətirilə bilər. Məlumdur ki, əvvəllər bu güzəştin məbləği 200 ABŞ dolları ekvivalenti təşkil edib.

Digər bir yenilik isə ondan ibarətdir ki, əgər gətirilən malın dəyəri təyin olunmuş həddi (1000 dollar) aşarsa, gömrük rüsumu yalnız həmin həddən artıq olan məbləğə tətbiq ediləcək. Bundan əvvəlki qaydalara görə isə, gömrük rüsumu dəyəri 200 dollardan yuxarı olan malın tam dəyərinə tətbiq edilirdi. Sözügedən dəyişikliklər vətəndaşlara daha böyük imkanlar yaratmaqla onların vəsaitlərinə qənaət etməsinə gətirib çıxardıb. Bu qərar artıq noyabrın sonunda qüvvəyə minib.

«Bununla yanaşı, yeni Qaydalar şəxsi istifadəsi üçün daha geniş çeşidli və dəyəri nisbətən yüksək olan mal və əşyaların beynəlxalq poçt göndərişləri vasitəsilə gətirilməsinə şərait yaradır. Bu sahədə poçt müəssisələrinin üzərinə də ciddi vəzifələr düşür. Ona görə də «Azərpoçt» tərəfindən artıq bəzi tədbirlər həyata keçirilməkdədir», - deyə Nazirliyin məlumatında bildirilir.

Belə ki, internet sifarişi əsasında ölkəyə daxil olan poçt göndərişlərinin çatdırılma keyfiyyətini yüksəltmək məqsədilə «Azərpoçt» MMC-də yeni «SMS-bildiriş» xidmətinin tətbiqinə başlanılıb. Poçt müəssisələrinə daxil olan beynəlxalq göndərişinin üzərində alıcının telefon nömrəsi olduqda, həmin nömrəyə operativ olaraq SMS-bildiriş göndərilir və bildirişdə vətəndaşın adına poçt göndərişinin daxil olması və göndərişi almaq üçün xidmət göstərən poçt şöbəsinə müraciət etməyin zəruriliyi barədə məlumat verilir.

Yeni xidmətin tətbiqi artıq ilk müsbət nəticələrini verib və beynəlxalq kiçik paket və bağlamaların çatdırılmasını xeyli dərəcədə sürətləndirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR