Dövlət Gömrük Komitəsinin sədr müavini: “Əqli mülkiyyət hüquqlarına daim təhdidlər var”

Dövlət Gömrük Komitəsinin sədr müavini: “Əqli mülkiyyət hüquqlarına daim təhdidlər var”
# 23 aprel 2014 09:36 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “Əqli mülkiyyət hüquqlarının, mədəni irsin qorunması Dövlət Gömrük Komitəsinin qarşısında duran mühüm vəzifədir. Biz hesab edirik ki, bu dövrə kimi əldə edilən işlər, nailiyyətlər var. Amma bu sahədə dayanmamalıyıq”. APA-nın xəbərinə görə, bunu Dövlət Gömrük Komitəsinin sədr müavini Şahin Bağırov “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü”nə həsr olunmuş “Mədəni irsin qorunması və erməni saxtakarlıqları” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Ş. Bağırov bildirib ki, əqli mülkiyyət hüquqlarının qorunmasına, onun pozulmasına, qeyri-qanuni istifadə edilməsinə daim təhdidlər var. Bunun həm mədəni irsin qorunması sahəsində, həm də iqtisadi mühitdə baş verdiyini söyləyən Ş.Bağırov qeyd edib ki, beynəlxalq ticarətdə, məhsullarda, onların etiketlərində bəzi coğrafi göstəricilər bizim regionların, rayonların adı təhrif olunaraq başqa ölkələrin adı altında verilir: “Bu məsələyə ciddi yanaşmalı və gələcəkdə bu sahədə işimizi daha mükəmməl şəkildə aparmalıyıq. Mədəni irsin, müəllif hüquqlarının qorunmasında lazımi işlər həyata keçirilməli və əməkdaşlıq əlaqələri genişləndirilməlidir. Bu istiqamətdə qarşıda çoxlu mühüm vəzifələr durur”.

Sədr müavini əlavə edib ki, Dövlət Gömrük Komitəsinin fəaliyyəti və məsuliyyəti sərhədlərdə mədəni irsin qorunmasına yönələn bir fəaliyyətdir. Onun sözlərinə görə, Dövlət Gömrük Komitəsi və onun yerli orqanlarının gördüyü işlər nəticəsində dövlət sərhədindən keçirilən əşyaların saxlanmasında, qeyri-qanuni formada onun istifadəsinin qarşısının alınmasında müəyyən bir nailiyyətlər var: “Mədəni irsin qorunması bizim fundamental fəaliyyətimizdir. Digər tərəfdən hesab edirik ki, dövlət qurumlarının bu sahədə əməkdaşlığı vacibdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR