“Təmiz Şəhər” Tullantıların İdarə Edilməsi üzrə Ümumdünya Konqresində iştirak edib

“Təmiz Şəhər” Tullantıların İdarə Edilməsi üzrə Ümumdünya Konqresində iştirak edib
# 08 oktyabr 2013 14:24 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Oktyabrın 7-11-də Avstriyanın paytaxtı Vyana şəhərində təşkil edilən Tullantıların İdarə Edilməsi üzrə Ümumdünya Konqresi öz işini davam etdirir.

APA-Economics”in xəbərinə görə, bu il Vyana şəhər bələdiyyəsi və Məişət Tullantıları üzrə Beynəlxalq Assosiasiya (ISWA) tərəfindən təşkil edilən Ümumdünya Konqresi tullantıların idarə edilməsi sahəsində əhəmiyyətli tədbirlərdəndir. Mindən artıq mütəxəssisin qatıldığı tədbirdə ölkəmizi “Təmiz Şəhər” ASC-nin Ətraf Mühit və Əməyin Mühafizəsi şöbəsinin müdiri Sabit Zeyniyev təmsil edir.

S.Zeyniyev konfransda “Balaxanı Sənaye Parkı - tullantıların azaldılması və resursların artırılması” mövzusunda təqdimatla çıxış edib. O, Bakı şəhərində tullantıların idarə edilməsi sahəsində həyata keçirilən uğurlu layihələr, son illər ölkəmizdə “yaşıl iqtisadiyyat”, xüsusilə təkrar emal sənayesinin formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib, Balaxanı Sənaye Parkının yaradılmasının bu sahədə mühüm addım olduğunu qeyd edib.

S.Zeyniyev bildirib ki, parkda istifadə ediləcək xarici ölkələrin qabaqcıl təcrübəsi və innovativ texnologiyalar nəticəsində təbii resurslara və enerjiyə qənaət olunacaq. Təqdimat zamanı Balaxanı Sənaye Parkında iş adamları üçün yaradılmış investisiya və vergi güzəştləri, hədəf sənayelər, infrastruktur, eləcə də nəzərdə tutulan tədbirlər haqqında geniş məlumat verilib, Parkın coğrafi mövqeyinin, nəqliyyat qovşağına yaxın məsafədə yerləşməsinin istehsal edilmiş məhsulların asanlıqla son istifadəçiyə çatdırılmasına imkan verdiyi vurğulanıb.

Təqdimatda həmçinin, şəffaflığın və məlumatlılığın təmin edilməsi məqsədilə Balaxanı Sənaye Parkının rəsmi internet səhifəsinin yaradıldığı və potensial investorların internet səhifəsində yerləşdirilmiş elektron qeydiyyat forması vasitəsi ilə müraciət edə biləcəkləri qeyd olunub.

Təkrar emal müəssisələrini özündə birləşdirən və regionda ilk bu cür sənaye parkı olan Balaxanı Sənaye Parkının təqdimatı tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb, “Təmiz Şəhər” ASC-nin nümayəndəsi iştirakçıların suallarını cavablandırıb.

Qeyd edək ki, “Təmiz Şəhər” ASC 2010-cu ildən Məişət Tullantıları üzrə Beynəlxalq Assosiasiyanın üzvüdür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR