Samux və Lənkəranda sahibkarlar üçün treninq keçirilib

Samux və Lənkəranda sahibkarlar üçün treninq keçirilib
# 04 dekabr 2013 15:55 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin təşkilatçılığı, Samux rayon İcra Hakimiyyətinin dəstəyi ilə Samux rayonunun Sərkar kəndində qadın sahibkarlar üçün treninq keçirilib.

İqtisadiyyat və Sənaye Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, treninq «Ekoloji təmiz kənd təsərrüfatının inkişafı», «Biznes-planların və investisiya layihələrinin hazırlanması», «İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər» mövzularında olub.

Həmin gün Lənkəran nümayəndəliyinin təşkilatçılığı ilə isə Lənkəran şəhərində «Ekoloji təmiz kənd təsərrüfatının inkişafı» və «İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər» mövzularında sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninq təşkil edilib. Tədbirlərdə «Ekoloji təmiz kənd təsərrüfatının inkişafı» mövzusunda təqdimat keçirilib, ekoloji təmiz kənd təsərrüfatının ümumi prinsipləri, bu sahədə beynəlxalq təcrübə, ekoloji təmiz məhsul istehsal edən müəssisələrin təşkili və s. barədə ətraflı məlumatlar verilib.

Bununla yanaşı, biznes ideyanın formalaşması, biznes-planın bölmələri, biznes-planın tərtib edilməsi metodikası, marketinq araşdırmaları və SWOT təhlilin aparılması, bu sahədə beynəlxalq təcrübə, məhsul istehsalı və satışının təşkili, maliyyə resurslarının planlaşdırılması və s. barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb.

Eyni zamanda, tədbirlərdə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.azwww.b2b.az elektron portalları və onlardan istifadə qaydaları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar, o cümlədən «İnvestisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi» və s. barədə geniş məlumat verilib.

Tədbirlər çərçivəsində iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR