2003-cü il 16 oktyabr hadisələrinə görə həbs olunan şəxslərin cinayət işi üzrə məhkəmə prosesi növbəti dəfə təxirə salınıb

2003-cü il 16 oktyabr hadisələrinə görə həbs olunan şəxslərin cinayət işi üzrə məhkəmə prosesi növbəti dəfə təxirə salınıb
# 09 aprel 2014 13:24 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində 2003-cü ilin 16 oktyabr hadisələrinə görə həbs olunan şəxslərin cinayət işi üzrə məhkəmənin bu günə təyin olunan hazırlıq iclası növbəti dəfə təxirə salınıb.

APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən iclasda bildirilib ki, Rauf Arifoğlu, İqbal Ağazadə və vəkillərdən biri prosesə gəlməyiblər. Hakim onlar olmadan işə baxmağın mümkünsüz olduğunu əsas gətirərək, məhkəməni aprelin 16-na təxirə salıb.

Xatırladaq ki, bundan əvvəl də təyin olunan iclasa təqsirləndirilən şəxslərdən bir neçəsi gəlmədiyi üçün proses təxirə salınmışdı.


2003-cü il oktyabrın 16-da Bakıda keçirilən aksiyada polislə mitinq iştirakçıları arasında baş verən qarşıdurma ilə əlaqədar həbs edilənlər sonradan Avropa Məhkəməsinə müraciət ediblər.

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, ADP sədri Sərdar Cəlaloğlu, AXP sədri Pənah Hüseyn, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, Ümid Partiyasının sədri İqbal Ağazadə və digərləri 2005-ci ilin martında əfv olunublar. Onlar Avropa Məhkəməsinə Azərbaycan hökumətinin Avropa Konvensiyasının 6-cı (ədalətli məhkəmə hüququ) və 11-ci (sərbəst toplaşmaq azadlığı) müddəalarını pozmasından şikayət ediblər. Avropa Məhkəməsi onların xeyrinə qərar çıxarıb.

24 yanvar 2014-cü il tarixində Ali Məhkəmənin plenumunda həmin şəxslərin barəsində Avropa İnsan Haqları Məhkəməsinin qəbul etdiyi qərara baxılıb. Ali Məhkəmə “16 oktyabr” məhkumlarının barəsindəki bütün məhkəmə qərarlarını ləğv edib və işə yenidən baxılması üçün cinayət işinin materiallarını yenidən Bakı Ağır Cinayətlər Məhkəməsinə qaytarıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR