Nazim İbrahimov Rusiyadakı son hadisələrlə bağlı Rüstəm İbrahimbəyov və Söyün Sadıqovun mövqeyini tənqid edib

Nazim İbrahimov Rusiyadakı son hadisələrlə bağlı Rüstəm İbrahimbəyov və Söyün Sadıqovun mövqeyini tənqid edib
# 18 oktyabr 2013 16:46 (UTC +04:00)

APA-nın xəbərinə görə, bu açıqlamanı Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov verib. O, təəssüflə vurğulayıb ki, bu qədər böyük ajiotajın yaradıldığı, kütləvi informasiya vasitələrində azərbaycanlılar əleyhinə açıq-aşkar kampaniyanın aparıldığı bir vaxtda bəzi diaspor təşkilatlarının, konkret olaraq Rusiya Azərbaycanlılarının Milli Mədəni Muxtariyyəti (AzərRos) və özünü Rusiyanın Azərbaycanlı Təşkilatlar İttifaqı adlandıran qurumun nümayəndələrinin mövqeyi anlaşılmazdır: “Bir daha xatırlatmağı zəruri bilirik ki, bu təşkilatların rəhbərliyində təmsil olunan şəxslərin bir çoxu Rusiyanın müvafiq dövlət orqanları, kütləvi informasiya vasitələri ilə çox yaxşı əlaqələrə malikdirlər, ancaq nədənsə indi – zərurət yarandığı bir məqamda bu əlaqələrdən azərbaycanlıların maraqlarının müdafiəsi üçün istifadə etməyə lüzum görmürlər. Əksinə, bu təşkilatların rəhbərliyində təmsil olunan, azərbaycanlıların hüquq və azadlıqlarının müdafiəsi istiqamətində qətiyyətlə fəaliyyət göstərəcəyini bəyan edənlərin bəziləri, o cümlədən Rüstəm İbrahimbəyov kimi şəxslər sadəcə, mətbuata açıqlama verməklə kifayətlənir. Rusiyanın Azərbaycanlı Təşkilatlar İttifaqı adlandıran qurumun yaradılmasının əsas təşəbbüskarlarından biri olan “AzərRos”un keçmiş rəhbəri Söyün Sadıqov isə yenidən baş verənləri siyasiləşdirərək Azərbaycan dövlətini və Rusiyada yaşayan sadə azərbaycanlıları ittiham etməyə çalışır. Bu cür mövqe Azərbaycan ictimaiyyətində də haqlı olaraq müəyyən suallar doğurur”.

N. İbrahimovun fikrincə, son hadisələr Rusiya Azərbaycan Təşkilatları İttifaqının yaradılmasının Azərbaycanın milli maraqları baxımından tamamilə əhəmiyyətsiz təşəbbüs olduğunu bir daha sübut etdi: “Hesab edirəm ki, yaranmış vəziyyətdə özünü həqiqətən azərbaycanlı hesab edən hər bir kəs azərbaycanlı icmasının maraqlarını müdafiə etmək üçün çalışmalıdır, real iş görməlidir, məsuliyyətsiz bəyanatlar verməklə məşğul olmalı deyil. Xatırlatmaq istərdim ki, Dövlət Komitəsində Rusiyada yaşayan soydaşlarımız arasında hüquqi maarifləndirmə işini gücləndirmək görmək məqsədilə işçi qrup yaradılıb. Bundan başqa, dövlət komitəsi soydaşlarımızın cəmiyyətə inteqrasiyasına dəstək vermək, azərbaycanlı icması ilə yerli xalq arasında qarşılıqlı dialoq mühitini inkişaf etdirmək məqsədilə Moskva hökuməti ilə bəzi birgə layihələr də həyata keçirməyi planlaşdırır. Bu barədə ilkin razılıq əldə olunub. Hesab edirik ki, bu cür birgə tədbirlər azərbaycanlı icması ilə Rusiya cəmiyyəti arasında münasibətlərdə pozitiv istiqamətdə inkişafına təkan verəcək və bizim ölkələrimiz arasındakı münasibətlərin ruhuna uyğundur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR