DSMF 558 nəfərə avtomatlaşdırılmış qaydada pensiya təyin edib

DSMF 558 nəfərə avtomatlaşdırılmış qaydada pensiya təyin edib
# 14 oktyabr 2013 08:25 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Azərbaycanda yaşa görə əmək pensiyalarının avtomatlaşdırılmış qaydada vahid mərkəzdən təyinatı sisteminin tətbiq olunduğu 3 ay ərzində Azərbaycan Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən 558 nəfərə avtomatlaşdırılmış qaydada pensiya təyin olunub.

DSMF-dən “APA-Economics”ə verilən məlumata görə, bu ilin oktyabrın 11-nə olan statistikaya əsasən, təyinat aparılan şəxslərin 184 nəfəri Bakı şəhərində, 374 nəfəri isə bölgələrdə yaşayan vətəndaşlar olub.

Qeyd edək ki, yaşa görə əmək pensiyalarının avtomatlaşdırılmış qaydada vahid mərkəzdən təyinatına bu ilin iyulun 11-dən etibarən başlanılıb. Bu sistem Şərqi Avropa və MDB məkanında ilk dəfə olaraq Azərbaycanda tətbiq edilir. Sistemin üstünlüyü ondan ibarətdir ki, pensiya yaşına çatmış hər bir vətəndaş hər hansı sənəd toplamadan və vaxt itirmədən “190-0 Çağrı Mərkəzi”nə zəng vuraraq, real vaxt rejimində dərhal pensiya təyinatı hüququnu reallaşdıra bilir. Əmək pensiyası təyinatı aparılan hər vətəndaşa bir neçə dəqiqə ərzində ona təyin olunan pensiyanın məbləği və öz plastik pensiya kartını ala biləcəyi müvəkkil bankın filialının ünvanı bildirilir. Bu, sistemdə şəffaflığın daha da artmasını təmin etməklə yanaşı, əlavə vaxt itkisinin qarşısının alınmasına, insan amilinin rolunun son dərəcə azaldılmasına şərait yaradır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR