Məzahir Pənahov: “Bülletenlərin seçki məntəqələrinə çatdırılması prosesi oktyabrın 4-dək tam yekunlaşacaq”

Məzahir Pənahov: “Bülletenlərin seçki məntəqələrinə çatdırılması prosesi oktyabrın 4-dək tam yekunlaşacaq”
# 28 sentyabr 2013 09:05 (UTC +04:00)

Bakı. Ramil Məmmədli - APA. “Seçki prosesi artıq yekun mərhələyə yaxınlaşır. Seçki prosesinin əsas məqamlarından biri də bülletenlərin hazırlanmasıdır”.

APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, təqvim planına əsasən, seçki bülletenlərinin çapına prezidentliyə namizədlər tam müəyyənləşəndən sonra start verilir: “Prezidentliyə namizədliyi irəli sürülən namizədlərin iddiasına əsasən, sonuncu məhkəmə prosesi dünən Ali Məhkəmədə yekunlaşıb. Ona görə də qərara aldıq ki, bülletenlərin çapına başlansın”.

M. Pənahov deyib ki, bülletenlərin Dairə Seçki komissiyalarına çatdırılması səsverməyə 5 gün qalmışa qədər tam yekunlaşacaq: “Səsverməyə 3 qalmışa qədər isə bülletenlər Məntəqə Seçki komissiyalarına çatdırılmalıdır. Hesab edirəm ki, proses oktyabrın 4-nə qədər tam yekunlaşacaq”.

MSK sədrinin sözlərinə görə, prosesdə beynəlxalq nümayəndələrin də iştirakı problemsiz təmin olunub: “Hesab edirik ki, Azərbaycanda prezident seçkiləri tam şəffaf, vətəndaşlarımızın konstitusion hüquqlarının qorunması çərçivəsində həyata keçiriləcək”.

M. Pənahov qeyd edib ki, protokolların paylanması prosesi eyni mənbədən həyata keçiriləcək, hər seçki məntəqəsinə 30 nüsxə protokol nümunəsi paylanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR