Penitensiar Xidmət: “Nida”çıların aclıq aksiyası keçirmələri barədə məlumatlar həqiqəti əks etdirmir

Penitensiar Xidmət: “Nida”çıların aclıq aksiyası keçirmələri barədə məlumatlar həqiqəti əks etdirmir
# 21 aprel 2014 11:13 (UTC +04:00)

Bu barədə APA-ya vəkil Namiq Hacıyev məlumat verib. N. Hacıyev qeyd edib ki, Bakı İstintaq Təcridxanasında saxlanılan “Nida” Vətəndaş Hərəkatının 7 üzvü və “Azad gənclik” Təşkilatının üzvü aprelin 17-dən aclıq aksiyasına başlayıblar.

N. Hacıyev aclıq aksiyasının davam etdiyi bildirib: ”Rəşadət Axundov mənə təcridxanada dedi ki, “Nida”nın həbsdə olan 7 üzvü və “Azad Gənclik” təşkilatın bir üzvü aclıq aksiyasını sona qədər davam etdirəcək”.

N. Hacıyev aclıq aksiyası edən gənclərin səhhəti barədə hələlik məlumatının olmadığını bildirib.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən isə APA-ya bildirilib ki, “Nida” Vətəndaş Hərəkatının Bakı İstintaq Təcridxanasında saxlanılan üzvlərinin aclıq aksiyası etməsi barədə olan məlumatlar həqiqəti əks etdirmir: “Hazırda təcridxananda saxlanılan bütün “Nida” üzvlərinin səhhəti tam normaldır”.

Qeyd edək ki, aprelin 17-də hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilən “Nida” üzvlərinə cəza istəyib. Prokuror məhkəmədən Zaur Qurbanlı, İlkin Rüstəmzadə və Rəşadət Axundovun 8 il 6 ay, Rəşad Həsənov, Bəxtiyar Quliyev və Məmməd Əzizovun 8 il, Üzeyir Məmmədlinin 7 il 6 ay, Şahin Novruzlunun 6 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini istəyib.

Həbsdə olan şəxslər prokurorun ittiham çıxışına etiraz olaraq aclıq aksiyasına başlayacaqlarını bəyan ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR