GMO məhsullarının insan sağlamlığı üçün yaratdığı təhlükələr mövzusunda debat keçirilib

GMO məhsullarının insan sağlamlığı üçün yaratdığı təhlükələr mövzusunda debat keçirilib
# 05 aprel 2014 13:19 (UTC +04:00)

Bakı - APA. “Genetik modifikasiya olunmuş məhsulların Azərbaycan bazarında bu şəkildə geniş yayılması həm də milli təhlükəsizlik məsələsidir. Bu problemlə mübarizəni təkcə dövlət orqanlarının üzərinə atmaq düzgün deyil. Cəmiyyət də bu sahədə fəal olmalı, geni dəyişdirilmiş məhsullardan imtina etməlidir”.

APA-nın məlumatına görə, bu fikirləri Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov “Gənclərin GMO məhsullarının insan sağlamlığı üçün yaratdığı təhlükələr və bu sahədə qanunvericilik aktları barədə maarifləndirilməsi” mövzusunda keçirilən debatdakı çıxışında söyləyib.

O bildirib ki, Azərbaycan qanunvericiliyi GMO məhsullarının ölkəyə ixracı və satışını qadağan etsə də, hazırda əhalinin istehlak etdiyi ərzaq və meyvə-tərəvəzin böyük əksəriyyəti xarici ölkələrdə yetişdirilmiş GMO məhsullarıdır. Onun sözlərinə görə, son illər bu məhsullara qarşı mübarizə tədbirləri gücləndirilsə də, hələ ki, lazımi nəticə əldə olunmayıb.

V.Əhmədov hesab edir ki, insan sağlamlığı üçün ciddi təhlükə yaradan GMO məhsullarının Azərbaycana daxil olmasının qarşısının alınmasında əsas yük Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin üzərinə düşür. Onun sözlərinə görə, komitə sərhəd-gömrük məntəqələrində Azərbaycana daxil olan məhsulların keyfiyyətini ölçmək üçün xüsusi laboratoriyalar quraşdırmalıdır: “Bu məsələ qanunda da əksini tapıb. Məndə olan məlumata görə, artıq belə laboratoriyaların alınması istiqamətində müəyyən addımlar atılır. Ancaq işlər sürətləndirilməlidir ki, ölkənin ərzaq təhlükəsizliyini, insanların sağlamlığını qoruya bilək”.

Millət vəkili əhalinin ekoloji təmiz məhsullarla təminatının yaxşılaşdırılması üçün ölkə başçısı tərəfindən müvafiq proqramın təsdiqləndiyini də xatırladıb. O qeyd edib ki, həmin proqramın başlıca məqsədlərindən biri GMO məhsullarının Azərbaycana ixracının qarşısının alınmasından ibarətdir: “Həmçinin əhalinin ekoloji təmiz məhsullarla təmin edilməsi məqsədilə aidiyyəti dövlət qurumları qarşısında vəzifələr qoyulub. Əslində Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyünün yubanması bu mənada ölkəmizin xeyrinədir. Çünki beynəlxalq öhdəliyə görə, bu təşkilata üzv olan ölkələr, ümumiyyətlə, məhsulların ixracına və yerli bazarlarda satışına qadağa qoya bilməz. Ona görə də nə qədər ki, Ümumdünya Ticarət Təşkilatına qəbul olunmamışıq, biz özümüzü ekoloji təmiz məhsullarla təmin etməliyik. Həmçinin əhali də anlamalıdır ki, xaricdən gətirilən məhsulların genetik keyfiyyəti onların sağlamlığına ziyandır və heç kəs bu məhsulları almamalıdır. Ümumdünya Ticarət Təşkilatına qəbul olunanadək bu məsələləri həll etməliyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR