Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Şirvanda vətəndaşları qəbul edib - VİDEO

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Şirvanda vətəndaşları qəbul edib - <span style="color: red;">VİDEO
# 01 may 2014 11:10 (UTC +04:00)

Şirvan. Əlibəy Zeynallı - APA. Bu gün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov Şirvan şəhərində vətəndaşları qəbul edib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Komitə sədri tərəfindən Şirvan, Salyan, Neftçala, Hacıqabul və Sabirabad rayonlarından olan 40-dan çox vətəndaş qəbul edilib.

Şikayətlər zamanı Rusiya və digər xarici ölkələrin ərazisində müvəqqəti yaşaması ilə bağlı vətəndaşların adlarının yerli aqrar islahat komissiyasının səhvindən siyahıya salınmaması, mülkiyyətçilər arasında sərhəd mübahisəsi, torpaq islahatı ilə bağlı müvafiq sənədlər işlənib tərtib edilərkən adlarında, soyadlarında və s. müəyyən texniki qüsurlara yol verildiyi barədə müraciətlər də olub.

Salyan rayonunun bir sıra kəndlərində neft sənayesi təyinatlı torpaq sahələrində 30-50 il öncə tikilmiş fərdi yaşayış evlərinin altındakı torpaqların da özəlləşdirilməsi ilə bağlı müraciətlər olub. Həmin müraciətlərə baxılıb həll edilməsində komitədən asılı olmayan səbəblərdən müəyyən problemlər yaranıb. Problemin həlli üçün həmin torpaqların öncə hökumət qərarı ilə kateqoriyasının dəyişdirilməsi zərurəti yaranıb.

Müraciətlərdə qaldırılan məsələlərin həlli bilavasitə Komitəyə aid olduğu hallarda, mütəxəssislər vasitəsilə yerlərdə qəbul günü yerquruluşu ölçmə işləri aparılaraq torpaq sahələri həmin vətəndaşlara təkrarən tanıdılıb. Qaldırılan məsələlər müvafiq orqanların iştirakı ilə zəruri araşdırma tələb etdiyi hallarla bağlı isə vətəndaşların müraciətləri Komitənin kargüzarlığında nəzarətə götürülərək qeydiyyata alınıb və Komitənin müvafiq məktubları ilə aidiyyəti qurumlara ünvanlanıb. Bu barədə öz səlahiyyətlərinə aid işlərin qısa müddətdə icrası məqsədilə Komitənin aidiyyəti rayon və şəhər şöbələrinə də rəsmi qaydada tapşırıqlar verilib. Qəbul zamanı bələdiyyə torpaqları ilə bağlı qəbul olunmuş yeni qanunvericilik aktları barədə bələdiyyə sədrlərinə və Komitənin yerli struktur vahidlərinin əməkdaşlarına geniş şəkildə izahatlar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR