İlham Əliyev: “Azərbaycan heç kimdən heç nə xahiş etməyib, etmir və etməyəcək”

İlham Əliyev: “Azərbaycan heç kimdən heç nə xahiş etməyib, etmir və etməyəcək”
# 20 oktyabr 2013 00:15 (UTC +04:00)

Bakı-APA. “Azərbaycanın enerji siyasətində son 10 il ərzində tarixi hadisələr baş verib. Heydər Əliyevin neft strategiyası bu gün tam şəkildə reallaşıb. Bu strategiyanın davamı üçün yeni təşəbbüslər irəli sürülüb”. APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 19-da keçirilmiş inauqurasiya mərasimində çıxışı zamanı bəyan edib. Dövlət başçısı qeyd edib ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri 2006-2007-ci illərdə istifadəyə verilməklə, ilk dəfə olaraq Xəzər dənizinin neft-qaz ehtiyatları dünya bazarları ilə birləşib: “Dəhliz yaradılmışdır ki, bu dəhlizdən indi biz və qonşularımız istifadə edir. O dəhliz ki, onun üzərində strateji əhəmiyyətə malik olan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi icra edilir. Bu layihənin də təşəbbüskarı Azərbaycan olub. Əsas maliyyə yükünü də Azərbaycan öz üzərinə götürüb. Ona görə, enerji siyasətimizlə bağlı olan təşəbbüslər və reallaşan layihələr çoxdan regional çərçivələrdən çıxıb və bu gün Azərbaycan qlobal enerji bazarında çox etibarlı, ciddi ölkə kimi tanınır”.

Prezident İlham Əliyev bəyan edib ki, Bakıda verilən qərarlar enerji təhlükəsizliyi məsələlərində həlledici rol oynayır: “Biz bunu bilirik. Bu reallığı öz siyasətimizlə, cəsarətli addımlarımızla və müstəqil siyasətlə biz yaratmışıq. İki neft və qaz kəmərinin tikintisi demək olar ki, bölgədə yeni enerji xəritəsini yarada bilib. Bu gün enerji xəritəsinin yaradılması, o xəritəyə düzəlişlərin edilməsi məsələləri də Azərbaycanda həll olunur”.

Son illər ərzində Azərbaycanda yeni qaz yataqları kəşf edildiyini xatırladan ölkə başçısı qeyd edib ki, bu yataqların kəşfi artıq Azərbaycanı dünya miqyasında böyük qaz ölkəsi kimi təqdim edir: “Bizim təsdiq edilmiş qaz ehtiyatlarımız təxminən üç trilyon kubmetrə bərabərdir. Azərbaycan bu sahədə bundan sonra ən azı 100 il ciddi oyunçu kimi öz rolunu oynayacaq, ölkəmizin siyasi və iqtisadi maraqlarını təmin edəcək”.

Dövlət başçısı keçən il və bu il Azərbaycanın neft-qaz strategiyasının reallaşması üçün iki önəmli hadisə baş verdiyini xatırladıb: “Keçən il TANAP layihəsinə, bu il isə Trans-Adriatik boru kəməri layihəsinə start verildi. Bunlar dünya miqyaslı, strateji əhəmiyyətə malik olan layihələrdir. Bu layihələrin təşəbbüskarı Azərbaycandır. Bu layihələrin icrası üçün Azərbaycan həlledici sözə malikdir. Bizim təşəbbüslərimiz və ardıcıl siyasət, müstəqil siyasət bax, bu reallıqları yaradır. Bu reallıqlar Azərbaycan dövlətinə və xalqına onilliklər bundan sonra da xidmət edəcək, bizim iqtisadi müstəqilliyimizi təmin edəcək”.

Prezident İlham Əliyev qeyd edib ki, iqtisadi müstəqillik olmadan siyasi müstəqillikdən söhbət belə gedə bilməz: “Biz ətrafda baş verən hadisələrə baxırıq, izləyirik, dünyada baş verən hadisələrə biganə qalmırıq. Görürük, o ölkələrdə ki, iqtisadi müstəqillik yoxdur, o ölkələr şantaj obyektinə çevrilir, o ölkələrə təzyiqlər göstərilir və o təzyiqlər nəticə verir. O ölkələr demək olar ki, xahiş edən ölkələr sırasındadır. Azərbaycan heç kimdən heç nə xahiş etməyib, etmir və etməyəcək. Biz müstəqil siyasət aparırıq. Müstəqil siyasətin təməlində iqtisadi müstəqillikdir. İqtisadi müstəqilliyin yaradılması mənim üçün Prezident kimi ən vacib məsələlərdən biri idi. Çünki mən 10 il bundan əvvəl çox yaxşı başa düşürdüm ki, əgər biz buna nail olmasaq Azərbaycan gələcəkdə böyük problemlərlə üzləşə bilər. Dünyada ikili standartlar təcrübəsi artıq heç kimə sirr deyil. Bu barədə daha danışmağa da dəyməz. Çünki bu, bir aksiomadır”.

“Təsəvvür edin, əgər iqtisadi müstəqilliyimiz olmasaydı, bizə hansı qərarları qəbul etdirərdilər. İqtisadi müstəqillik, güclü ordu potensialı, cəsarətli, birmənalı siyasət, milli maraqlarımızın qorunması – bu amillər bizi problemlərdən qoruya bildi. Azərbaycanın gələcəkdə uğurlu inkişafı üçün bütün bu amillər daha da güclənməlidir. Biz bunu edəcəyik. Növbəti beş ildə mən Prezident kimi bunu təmin edəcəyəm”, deyə dövlət başçısı qeyd edib və vurğulayıb ki, Azərbaycanın xarici siyasəti ilə bağlı bütün təşəbbüslər əməkdaşlıq, dostluq üzərində qurulub. “Bir-birinin işinə qarışmamaq, bir-birinə hörmət etmək, bu, həm beynəlxalq hüquq normalarına uyğundur, eyni zamanda, normal insani davranışa da uyğun olan siyasətdir”, deyə ölkə başçısı vurğulayıb.

Prezident həmçinin son on il ərzində sənayenin inkişafında da önəmli hadisələrin baş verdiyini qeyd edib: “Artıq ağır sənayenin inkişafı ilə bağlı böyük layihələr icra edilib. Növbəti illərdə əminəm ki, bu istiqamət prioritet olacaq”.

Dövlət başçısının sözlərinə görə, Azərbaycanın uğurlu inkişafı, eyni zamanda, demoqrafik göstəricilərdə də özünü büruzə verir: “Bunu mən böyük sevinc hissi ilə qeyd etmək istəyirəm ki, Azərbaycanda son on il ərzində əhali artıb. On il əvvəl əhalimiz 8,3 milyon idi. Hazırda 9,4 milyondur. On ildə əhali bir milyon yüz min artıb. Demoqrafiya özlüyündə gələcəkdə böyük rol oynayacaq. Demoqrafik inkişaf, eyni zamanda, güclü iqtisadiyyatla tamamlanmalıdır. Çünki demoqrafik inkişaf o halda müsbət amildir ki, iqtisadiyyat buna imkan verir. Biz bəzi ölkələrin problemlərini bilirik. Bəzi ölkələrdə demoqrafik tənəzzül müşahidə olunur və o ölkələr xüsusi proqramlar tətbiq edirlər. Bəzi ölkələrdə isə demoqrafik inkişaf o qədər sürətlidir ki, ölkə iqtisadiyyatı buna dözmür. Ona görə bizim iqtisadiyyatımız və xüsusilə növbəti illərdə kənd təsərrüfatı və ağır sənaye ilə bağlı olan təşəbbüslərimiz, o cümlədən demoqrafik amil də hesablanmalıdır. Bizim iqtisadi imkanlarımız əhalinin artımını daim üstələməlidir”.

Son on il ərzində Azərbaycanda böyük enerji potensialının yaradıldığını qeyd edən president İlham Əliyev bu dövr ərzində on dörd elektrik stansiyasının yaradıldığını xatırladıb: “Əgər o stansiyalar tikilməsəydi, hazırda Azərbaycanda bu qədər müəssisə fəaliyyət göstərə bilməzdi. Deyə bilərəm ki, bizim ümumi generasiya gücümüz hazırda altı min meqavat səviyyəsindədir. Onun təxminən 45 faizi son on il ərzində yaradılıb. Bu gün Azərbaycan xarici bazarlara elektrik enerjisini ixrac edir. On il bundan əvvəl idxal edirdi. Bu gün biz təbii qazı ixrac edirik. On il bundan əvvəl idxal edirdik və demək olar ki, böyük problemlər yaranmışdı. Yəni, bu on il ərzində energetika sektorunda bütövlükdə böyük nailiyyətlər əldə edilibvə əminəm ki, növbəti illərdə bu müsbət meyillər davam edəcək, çünki bizim konkret proqramımız, planlarımız var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR