İran Üləmalar Məclisinin sədri komaya düşüb - FOTO

İran Üləmalar Məclisinin sədri komaya düşüb - <span style="color: red;">FOTO
# 05 iyun 2014 09:33 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İran Üləmalar Məclisinin (Xubreqan) sədri ayətullah Məhəmməd Məhdəvi Kəni komaya düşüb.

APA-nın “Radiofərda”ya istinadən verdiyi məlumata görə, ayətullah Kəni iyunun 4-də saat 15:00-da İran İslam Respublikasının qurucusu ayətullah Xomeyninin vəfatının 25-ci ildönümü ilə bağlı keçirilən mərasimə qatıldıqdan sonra Tehrandakı Bəhmən xəstəxanasına qaldırılıb.

83 yaşlı ayətullah ürək çatışmazlığından dərhal komaya girib. Hazırda onun fiziki vəziyyətinin əvvəlki saatlarla müqayisədə daha yaxşı olduğu bildirilir. İndiyədək İran prezidenti Həsən Ruhani və bir çox dövlət rəsmiləri İran Üləmalar Məclisi sədrinin durumu ilə maraqlanmaq üçün xəstəxanaya gedib.

Qeyd edək ki, İran Üləmalar Məclisi müctəhidlər və din alimlərindən ibarət orqandır. İran Konstitusiyasının 107-ci maddəsinə əsasən, bu qurum ölkənin ali dini liderini təyin edir və onun fəaliyyətinə nəzarət edir. Yəni ali dini lider vəfat edərsə, işindən uzaqlaşarsa və ya üzərinə götürdüyü öhdəliyi həyata keçirə bilməzsə, İran Üləmalar Məclisinin üzvləri “şərtləri özündə toplayan fəqihlər” arasından onun yerinə şəxs seçməlidirlər. Bu qurumun rəhbərliyinə seçkilər hər səkkiz ildən bir keçirilir və ayətullah Kəni də İran Məsləhət Şurasının sədri, eks-prezident ayətullah Əli Əkbər Haşimi Rəfsəncanini əvəzləyərək 5 ildir təşkilata sədrlik edir.

Ayətullah Kəni 1931-ci ildə Tehran yaxınlığında yerləşən Kən kəndində anadan olub. O, İran İslam İnqilabından sonra “İnqilab Şurası”nı təşkil edən 5 əsas ruhanidən biridir. Ayətullah Kəni Rəcayi hökuməti dövründə daxili işlər naziri, o, qətlə yetirildikdən sonra müvəqqəti baş nazir vəzifələrində çalışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR