İran Mübariz Ruhanilər Birliyi Haşimi Rəfsəncanini dəstələmək barədə qərar qəbul edib

İran Mübariz Ruhanilər Birliyi Haşimi Rəfsəncanini dəstələmək barədə qərar qəbul edib
# 17 may 2013 13:12 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. İranda islahatçılar qanadına mənsub daha bir qurum - Mübariz Ruhanilər Birliyi bəyanat yayaraq İran Məsləhət Şurasının sədri, eks-prezident Əliəkbər Haşimi Rəfsəncanini dəstəklədiklərini bildiriblər.

APA-nın “Radiofərda”ya istinadən məlumatına görə, bəyanatda İranın sabiq prezidenti Məhəmməd Xatəminin rəhbərliyi altında keçirilmiş iclasda belə bir qərarın qəbul edildiyi bildirilib.

Qeyd edək ki, bundan əvvəl vaxtilə İranda hakimiyyətdə təmsil olunmuş, hazırda fəaliyyətinə qadağa qoyulan islahatçı qurumlar - Müşarikət Cəbhəsi və İslam İnqilab Mücahidləri Təşkilatı bəyanatlar yayaraq H.Rəfsəncaninin prezidentliyə namizədliyini dəstəkləyəcəklərini bildiriblər. Hər üç islahatçı qurumun bir sıra rəhbərləri və tərəfdarları 2009-cu ildə İranda keçirilmiş prezident seçkisinin rəsmi nəticələrinə qarşı kütləvi etirazlarda tutularaq həbsə salınıblar, bəziləri isə ölkəni tərk etmək məcburiyyətində qalıblar.

Bundan əlavə, M.Xatəmi bütün tərəfdarlarını H. Rəfsəncanini dəstəkləməyə çağırıb.

Xatırladaq ki H. Rəfsəncani bu il iyunun 14-də keçiriləcək seçkilərdə iştirak etmək üçün İran prezidentliyinə namizəd kimi qeydiyyata alınması üçün mayın 11-də Daxili İşlər Nazirliyinin Seçki Qərargahına ərizə ilə müraciət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR