İki ali məktəbdə SABAH qruplarının təqdimatı keçirilib

İki ali məktəbdə SABAH qruplarının təqdimatı keçirilib
# 14 may 2014 16:25 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gün Azərbaycan Dövlət Pedoqoji Universitetində və Azərbaycan Dövlət Neft Akademiyasında SABAH qruplarının təqdimatı keçirilib.

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, nazirlik nümayəndələri hər iki ali təhsil müəssisəsində tələbələrə, həmçinin professor-müəllim heyətinə SABAH qruplarının yaradılmasının əhəmiyyəti barədə danışıblar. Təqdimatda bildirilib ki, SABAH qrupları öz ixtisası üzrə peşəkar mütəxəssis kimi yetişmək istəyən tələbələrə geniş imkanlar açır. SABAH qruplarına daxil olan tələbələr həm yüksək səviyyəli təhsil almaq şansı qazanacaqlar, həm də təhsil müddətində əlavə təqaüd, yataqxanada pulsuz yerləşdirilmə, qidalanma kimi bir sıra maddi imtiyazlara malik olacaqlar. Dövlət sifarişi ilə və ya ödənişli təhsil almasından asılı olmayaraq, SABAH qruplarında oxuyan bütün tələbələr SABAH təqaüdləri alacaqlar. SABAH qrupunun məzunu öz ixtisasını ana dili ilə yanaşı, ingilis dilində də mükəmməl biləcək. Qrupun fərqlənən tələbələri xarici ölkələrə təcrübəyə göndəriləcək. SABAH qrupları 33 ali təhsil müəssisəsində yaradılmaqla 52 ixtisası əhatə edəcək. Hər bir ixtisasın SABAH qrupu həmin ixtisas üzrə ən yaxşı göstəricilərə malik ali təhsil müəssisəsində yerləşəcək. Sabah qrupuna tələbələr il ərzində qiymətlərinin orta göstəricisi 61-dən aşağı olmayan I kurs tələbələri arasından seçiləcək.

Qeyd edək ki, Azərbaycan Dövlət Pedaqoji Universitetində Riyaziyyat və informatika müəllimliyi, Tarix və coğrafiya müəllimliyi, İbtidai sinif müəllimliyi olmaqla 3 ixtisas üzrə SABAH qrupları yaradılacaq. Azərbaycan Dövlət Neft Akademiyasında isə SABAH qrupları neft-qaz mühəndisliyi, neft-qaz qurğuları mühəndisliyi, elektroenergetika mühəndisliyi və kimya mühəndisliyi ixtisaslarını əhatə edəcək. SABAH qrupları ali təhsil müəssisəsində yerləşən “SABAH Mərkəzi” vasitəsilə idarə olunacaq. Mərkəzlərin işinə isə birbaşa Təhsil Nazirliyi nəzarət edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR