Gürcüstan prezidenti sonuncu dəfə öz iqamətgahından xalqa müraciət edib

Gürcüstan prezidenti sonuncu dəfə öz iqamətgahından xalqa müraciət edib
# 28 oktyabr 2013 20:20 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. Noyabr ayında səlahiyyət müddəti başa çatan Gürcüstan prezidenti Mixail Saakaşvili bu gün prezident sarayından ölkə vətəndaşlarına vida müraciəti edib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Saakaşvilinin müraciəti Gürcüstan televiziyaları vasitəsi ilə canlı yayımlanıb.

Prezident xalqa müraciətində prezidentlik müddətinin sona çatdığını bildirib: “Bu mənim prezident sarayından axırıncı müraciətimdir. İki dəfə ölkəmə xidmət üçün mənə etimad göstərdiyiniz üçün sizə təşəkkürümü bildirirəm. Prezident üçün ölkəsinə və xalqına xidmət etməkdən böyük şərəf ola bilməz. 10 il əvvəl mən sizə gələcəyə səyahət etməyi təklif etmişdim. Lakin sizə söz vermədim ki, sona qədər gedəcəyik. Bu maraqlı səyahət idi. Bu gələcək sizə məxsusdur. Bu gün siz sonu bitməyən bu səyahətə cavabdehsiniz. Bu yolda biz çox mühüm addımlar atdıq, lakin artıq geriyə yol yoxdur. Siz gələcəyə doğru hərəkət etməli və bu maraqlı səyahətdə ölkəmizin inkişafı yolunda mən sizinləyəm”.

Qeyd edək ki, oktyabrın 27-də Gürcüstanda prezident seçkiləri keçirilib və “Gürcü Arzusu” tərəfindən prezidentliyə namizəd irəli sürülən Georgi Marqvelaşvili qələbə qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR