Azərbaycanın təhsil naziri “Son zəng” tədbirində iştirak edib

Azərbaycanın təhsil naziri “Son zəng” tədbirində iştirak edib
# 31 may 2013 10:53 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu gün təhsil naziri Mikayıl Cabbarov Bakı şəhərinin 200 saylı tam orta məktəbində keçirilən “Son zəng” tədbirində iştirak edib.

APA-nın xəbərinə görə, tədbirin açılış mərasimində çıxış edən məktəbin direktoru Qafar Hüseynov bu il təhsil müəssisəsini 293 “yaxşı” və “əla” qiymətlərlə oxuyan məzunun bitirdiyini deyib. Direktor bütün məzunlara gələcək həyatlarında uğurlar arzulayıb.

Təhsil naziri Mikayıl Cabbarov isə qeyd edib ki, “Son zəng” həm kədərli, həm də sevincli gündür: “Bu gün ona görə sevinclidir ki, artıq həyatın bir mərhələsi sona çatır və yenisi başlayır. Ona görə kədərlidir ki, illərlə doğma olan adamlarla vidalaşırıq”.

Məzunlara bundan sonrakı fəaliyyətlərində uğur arzulayan nazir onların hər birinin qarşılarına qoyduqları məqsədə çatacaqlarına əmin olduğunu deyib. Onun sözlərinə görə, insan öz məqsədinə çatmaq üçün buna inanmalıdır. Orta məktəbi həyatın ən önəmli məktəbi sayan nazir müəllimləri və valideynləri də təbrik edib: “Valideynlərə təşəkkür edərək demək istəyirəm ki, hər biriniz müasir Azərbaycan üçün övlad və layiqli vətəndaş yetişdirmisiniz. Həyatda övladlarınıza verdiyiniz ən yaxşı miras isə onların təhsilidir. Belə bir nəticənin əldə edilməsi üçün məktəblərdə münbit və lazımi şərait yaradılmalıdır. Təhsil naziri olaraq bunun həllini valideynlərin məktəblərin idarə edilməsindəki rolunda görürəm”.

Tədbir bədii hissə ilə davam etdirilib. Saat 13:00-da məktəbin məzunları üçün “Son zəng” çalınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR