Azərbaycanda ixtiraçılıq üzrə ilk respublika müsabiqəsinin qalibləri müəyyənləşib

Azərbaycanda ixtiraçılıq üzrə ilk respublika müsabiqəsinin qalibləri müəyyənləşib
# 27 dekabr 2013 13:34 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Bakıda İxtiraçılıq sahəsində I Respublika Müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.


«APA-Economics»in məlumatına görə, Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bildirib ki, bu müsabiqənin keçirilməsində məqsəd ixtiraçıları daha da maraqlandırmaq olub.


Onun sözlərinə görə, ixtiraçılıq sahəsində ilk respublika müsabiqəsinin keçirilməsi təşəbbüsü heç də təsadüfi yaranmayıb: «Ölkəmizdə müasir dövrün tələblərinə uyğun olaraq intellektual və elmi potensial yaratmaq və bu istiqamətdə davamlı inkişafı təmin etmək dövlət siyasətinin başlıca vəzifələrdən biridir».


«AzPatent»in direktoru Yaqub Seyidov isə bildirib ki, müsabiqədə iştirak etmək üçün 36 patent təqdim edilib. O qeyd edib ki, hər il Azərbaycanda 100-dən çox yeni patent qəbul edilir.


Sonda 3 nəfərə üçüncü dərəcəli diplom, 2 nəfərə ikinci dərəcəli diplom, 1 nəfərə isə birinci dərəcəli diplom təqdim olunub. Müsabiqədə AMEA-nın akademik Y.Məmmədəliyev adına Neft-kimya prosesləri İnstitutunun «Alkil-üçlü-alkil efirlərinin ion mayesi ilə selektiv təmizlənməsi üsulu» adlı ixtira qalib gəlib.


Qeyd edək ki, müsabiqə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və «AzPatent» tərəfindən təşkil olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR