Allahşükür Paşazadə Peyğəmbərin mövludu münasibətilə müsəlmanları təbrik edib

Allahşükür Paşazadə Peyğəmbərin mövludu münasibətilə müsəlmanları təbrik edib
# 14 yanvar 2014 10:30 (UTC +04:00)

QMİ-dən APA-ya verilən məlumata görə, məktubda Şeyx bəşərə mükəmməl əxlaq nümunəsi və hidayətin çırağı kimi göndərilən Xatəmül-Ənbiya Peyğəmbərimiz Həzrət Muhəmmədin (s) mübarək mövludu münasibətilə bütün xalqı və müsəlman dindarları təbrik edib: “Aləmlərin Rəbbi yer üzünə göndərdiyi bütün peyğəmbərlərini əxlaqi vəzifələrlə mükəlləf etmiş və onlara öz cəmiyyətlərini islah etmək vəzifəsi vermişdir. Fəqət sonuncu Peyğəmbərimiz Hz.Muhəmmədin (s) mənəvi üstünlüyü onun təkcə mənsub olduğu cəmiyyətə deyil, bütün aləmlərə rəhmət olaraq göndərilməsindədir: “Ya Rəsulum! Biz səni (təkcə öz qövmünə deyil), bütün insanlara (Cənnətlə) müjdə verən və (cəhənnəm əzabı ilə) qorxudan bir Peyğəmbər olaraq göndərdik” (Səbə`, 28). Bu gün İslam Peyğəmbərinin məfkurəvi möhtəşəmliyi onun təlqin etdiyi birlik, ədalət, əxlaqi təkamül və bütün bəşəriyyətin mənəvi islahı ideyalarındadır. Bu ideyalar həm müsəlman ümməti, həm bütün qeyri-müsəlmanlar üçün hələ də aktualdır, çünki onun təməlində müasir dünyamızın ziddiyyətli problemlərinin mənəvi islahatlar yolu ilə həlli dayanır.

Biz Azərbaycan müsəlmanları, hər şeydən əvvəl, mübarək Mövludun ölkəmizin dini ictimaiyyəti tərəfindən tədbirlər silsiləsi şəklində qeyd olunmasını dövlət müstəqilliyimizin dindarlara bəxş etdiyi etiqad azadlığının bariz nümunəsi kimi dəyərləndiririk. Müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyev Təzəpir məscidində Hz. Məhəmməd (s) Peyğəmbərimizin mübarək Mövludunda iştirak edən və İslam dəyərlərinə müstəsna qiymət verən ilk dövlət rəhbərimiz olmuşdur. Şükürlər olsun ki, bu ənənəyə sadiqlik hissi bu gün də var və Hz.Muhəmmədin (s) xatirəsinə layiq olan həm din-dövlət vəhdətinin, həm də məzhəbi vəhdətin nadir nümunəsini ölkəmizdə yaşamaq və bəyan etmək imkanımız mövcuddur.

Bir daha mübarək Mövlud həftəsi münasibətilə dindarlarımızı təbrik edir, bu müəzzəm günlərdə hər kəsi Xatəmül-Ənbiyanın aləmlərə örnək olan əxlaqından bəhrələnməyə, onun kamillik məktəbinin davamçıları olmağa dəvət edirəm. Allah-təala hər birimizin yardımçısı olsun, dövlətimizi baqi, ümmətimizi əbədi etsin, inşallah!”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR