Sabah Bakıda 7-ci beynəlxalq “Təhsil və Karyera” sərgisi öz işinə başlayacaq - FOTO

Sabah Bakıda 7-ci beynəlxalq “Təhsil və Karyera” sərgisi öz işinə başlayacaq - <span style="color: red;">FOTO
# 03 oktyabr 2013 11:43 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Sabah Bakıda 7-ci beynəlxalq “Təhsil və Karyera” sərgisi öz işinə başlayacaq.

APA-nın xəbərinə görə, bu məqsədlə keçirilən mətbuat konfransında "İteca Caspian” şirkətinin direktoru Fərid Məmmədov bildirib ki, bu il Bakıda 9 sərgi keçiriləcək və onlardan ilki “Təhsil və Karyera” sərgisidir.

F. Məmmədov qeyd edib ki, sərgidə dünyanın 17 ölkəsindən 107 iştirakçını bir araya gələcək və burada ali təhsil almaq və ya biliklərini artırmaq istəyən şəxslərə geniş informasiya təklif olunacaq. Onun sözlərinə görə, bu ölkələr arasında Böyük Britaniya, Cənubi Koreya, İspaniya, Kanada, Litva, Macarıstan, Polşa, Şimali Kipr və digərləri var: “İlk dəfə olaraq, 5 ölkə öz milli stendləri ilə çıxış edəcək. Bu ölkələr müxtəlif şəhərlərin məşhur təhsil müəssisələrini təqdim edən Belarus, Litva, Macarıstan, Polşadır və Ukrayna da var. Ən müxtəlif ixtisaslar üzrə 70-dən çox fakültə, kurs və proqram təklif edən iştirakçılar ziyarətçilərə ölkələrinin təhsil sistemi, eləcə də xaricdə bu və ya digər təhsil proqramının üstünlükləri barədə məlumat verəcəklər. Sərgi iştirakçıları tələbə və nümayəndə heyətlərinin mübadiləsi, habelə elmi-tədqiqat fəaliyyəti sahəsində əməkdaşlıq üzrə proqramlarla bağlı Azərbaycan ali təhsil müəssisələrinin nümayəndələri üçün xüsusi təkliflər hazırlayıblar”.

Təhsil nazirinin müavini Ceyhun Bayramov deyib ki, “Təhsil və Karyera” sərgisi Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə təşkil olunan yeganə sərgi olmaqla yanaşı, regionda təhsil sektoruna həsr olunmuş və aparıcı beynəlxalq universitetlərin təqdim olunduğu ən böyük tədbirdir. Onun sözlərinə görə, sərgi çərçivəsində “Azərbaycanda əmək bazarının inkişafı üçün yeni təşəbbüslər” mövzusunda dəyirmi masa keçiriləcək. C.Bayramov qeyd edib ki, Təhsil Nazirliyi tərəfindən təşkil olunacaq dəyirmi masada məzunlar yeni karyera imkanları əldə edəcək, işəgötürənlərlə sıx əlaqələr yaranacaq: “Bütün dövrlərdə karyera inkişafı təhsillə bağlı olub. Gənclərin bilikləri, bacarıqları daima təkmilləşməli və yenilənməlidir. XXI əsrin tələbəsi yalnız universiteti bitirən tələbə deyil, düzgün və bir çox qərarlar arasında ən dəqiq və doğru qərarı peşəkar qaydada seçib tətbiq etməyi bacaran biri olmalıdır”.

C.Bayramov qeyd edib ki, sərgi çərçivəsində “Sağlam təhsil, sağlam millət” layihəsi həyata keçiriləcək. Onun sözlərinə görə, layihə zamanı Azərbaycanda ilk dəfə olaraq məşhur novator, Rusiya Federasiyasında ümumi təhsil sahəsinin fəxri işçisi Bazarnıy Vladimir Filippoviçin “Məktəbəqədər tədris müəssisələrində və orta məktəblərdə təhsil-idrak prosesinin təşkili və bu prosesin yeni nəsillərin inkişafına və həyat qabiliyyətinə təsiri” mövzusunda seminarları təşkil olunacaq. Professor V.F.Bazarnıy təhsil müəssisələrini sağlamlığın inkişafına əsaslandıran və təhsil prosesi zamanı məktəbli uşaqların potensialını üzə çıxaran öz unikal sistemi barədə təqdimatla çıxış edəcək.

"İteca Kaspian" şirkətinin sərgi meneceri Həmidə Hacıyeva da sərgiyə ildən-ilə marağın artdığını deyib.

Qeyd edək ki, 7-ci beynəlxalq “Təhsil və Karyera” sərgisi 4-6 oktyabr tarixlərində keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR