Lənkəranda İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər müzakirə olunub

Lənkəranda İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər müzakirə olunub
# 12 iyun 2014 14:33 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Bakı Biznes Tədris Mərkəzinin (BBTM) Lənkəran nümayəndəliyinin təşkilatçılığı ilə rayonun Kənarmeşə kəndində sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninq keçirilib.

İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, “Cənub regionunda turizmin inkişaf perspektivləri”, “Biznes planların və investisiya layihələrinin hazırlanması”, “İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər” mövzularını əhatə edən treninqdə turizm obyektlərində kadrların peşə hazırlığının artırılması, turistlərin qarşılanmasının, yerləşdirilməsinin və digər xidmətlərin müasir tələblərə uyğun təşkili, kənd turizminin yaradılması, biznes planın və biznes ideyanın yaradılması, istehsalat planı və s. barədə məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.

Bundan başqa, treninqdə nazirlik tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar, həmçinin investisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi və s. barədə məlumat verilib.

Tədbir çərçivəsində mövzular üzrə təqdimatlar keçirilmiş, iştirakçılara BBTM tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR