Sumqayıtda valideynlər məktəb direktorunun işdən çıxarılmasına etiraz edib

Sumqayıtda valideynlər məktəb direktorunun işdən çıxarılmasına etiraz edib
# 06 noyabr 2013 11:39 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Bu gün bir qrup valideyn məktəbin foyesində toplanmışdı, ancaq mən özüm də valideynlərə etiraz etdim. Təhsil müəssisəsində belə hala yol vermək olmaz”.

Bunu APA-ya açıqlamasında təhsil naziri Mikayıl Cabbarovun əmri ilə işdən azad edilmiş Sumqayıt şəhərindəki 24 saylı orta məktəbin direktoru Mehriban Nəcəfova söyləyib.

O, işdən öz ərizəsi ilə azad edildiyini bildirib: “Bir qrup valideynin mənim direktor vəzifəsindən azad edilməyimdən narazı qalmasına gəlincə, məktəbə təzə direktor təyin ediləndən sonra ona da üzləri öyrəşəcək, o da gedəndə narazı qalacaqlar. Mən 1966-cı il təvəllüdəm, sadəcə, özümü narahat hiss etdiyim üçün işdən azad olunmağımı xahiş etdim, cənab nazir də xahişimi nəzərə aldı. Sumqayıt şəhər Təhsil Şöbəsinin müdiri də həmin valideynlərlə məktəbin akt zalında görüşdü. Görüş artıq başa çatıb və valideynlər də gediblər”.

M.Nəcəfova bildirib ki, onu bu vəzifədə əvəzləyəcək direktor müavini Sədaqət Həmidova ilə sənədlərin təhvil-təslim prosesi ilə məşğul olduğu üçün Sumqayıt şəhər Təhsil Şöbəsinin müdiri ilə valideynlərin görüşündə iştirak etməyib: “Ancaq məktəbin foyesində quraşdırılmış və kabinetdən müşahidəyə imkan verən videokameradan da gördüm ki, həmin valideynlər görüşdən sonra məktəbdən çıxıb getdilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR