Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi: ““Karvan" ticarət mərkəzində tikinti norma və qaydalarına əməl edilməyib, yanğına qarşı su təchizatı bərbad vəziyyətdə olub”

Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi: ““Karvan" ticarət mərkəzində tikinti norma və qaydalarına əməl edilməyib, yanğına qarşı su təchizatı bərbad vəziyyətdə olub”
# 25 oktyabr 2013 11:17 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətində (DYNX) Sumqayıt şəhərində yerləşən "Karvan" ticarət mərkəzində baş vermiş yanğınla bağlı vəziyyətin qiymətləndirilməsinə həsr edilmiş müşavirə keçirilib.

APA-nın “Fövqəladə Hallar” qəzetinə istinadən verdiyi məlumata görə, müşavirədə çıxış edən DYMX-nin rəisi Füzuli Əsədov bildirib ki, oktyabrın 19-da "101" xidmətinə 19:24-də yanğının baş verməsi ilə bağlı məlumat daxil olub. Bu tip obyektlərdə yanğına çıxışlar avtomatik olaraq iki saylı çağırışla olduğu nəzərə alınaraq tələb olunan sayda yanğın avtomobilləri yanğın yerinə cəlb edilib. Yanğın yerinə ilk çatan bölmələr yanğının miqyasının böyük olduğunu və açıq alovun təxminən 1500-2000 kvadratmetr sahəni əhatə etdiyini görərək əlavə qüvvələrin cəlb olunmasını məqsədəuyğun hesab edib. Bu məqsədlə Sumqayıt qarnizonundan 16 ədəd müxtəlif təyinatlı yanğın avtomobili və 140 nəfərə yaxın canlı qüvvə cəlb olunaraq alovun qarşısının alınmasına başlandığı bildirilib.

Yanğının söndürülməsi zamanı ticarət mərkəzində çalışan insanların mərkəzə doğru hərəkət etməsi yanğınsöndürənlərin işinə bir sıra çətinliklərin törətməsi, yanğın yerinin kəşfiyyatının aparılmasına əhali tərəfindən törədilən maneçilik, ticarət mərkəzinin ətrafında yanğına qarşı su hovuzlarının və hidrantların olmaması yanğının şiddətlənməsinə şərait yaratdığı vurğulanıb. Əməliyyat şəraitinin gərginliyi nəzərə alınaraq Bakı qarnizonundan əlavə canlı qüvvə və vasitələrin cəlb olunmasına başlanılması qeyd olunub. Ümumilikdə, yanğın yerinə Yanğından Mühafizə Xidmətinin 27 ədəd müxtəlif təyinatlı texnika və 250-yə yaxın canlı qüvvəsi cəlb olunub. Ümumi sahəsi 35 min kv.m olan ticarət mərkəzinin təxminən 13 min kv.m yanması və 21 min kv.m sahəsinin yanğından mühafizə olunub. Yanğın 01:30 radələrində tam söndürülüb.

Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi, daxili xidmət general-mayoru Elmar Hüseynov DYNX tərəfindən mütəmadi olaraq həmin obyektdə yanğın texniki müayinələr aparıldığını vurğulayıb. O, həmin obyektdə yanğına qarşı ciddi pozuntuların aşkar edildiyini, tikinti norma və qaydalarına əməl olunmadığını, yanğına qarşı su təchizatının bərbad vəziyyətdə olması kimi faktların aşkar edildiyini bildirib.

Fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev isə "Karvan" MMC-yə məxsus ticarət mərkəzində yanğının baş verməsinə şərait yaradan amillərin vaxtında aradan qaldırılmamasında obyekt rəhbərliyinin laqeyd münasibətini qeyd edib. Bunun nəticəsi kimi əhaliyə külli miqdarda ziyan dəydiyini bildirən nazir müavini bu tip obyektlərdə baş verə biləcək yanğınların qarşısının alınması üçün yanğına qarşı profilaktiki tədbirlərin gücləndirilməsi məqsədilə müvafiq göstərişlər verib.

Qeyd olunan obyektdə yanğına qarşı çatışmazlıqların mövcud olması, xüsusilə də su təchizatı məsələsinin həllində təsirli tədbirlərin görülməməsinə görə aidiyyəti qurumların rəhbərlərinə ciddi iradlar bildirilib. Nazir müavini respublikada fəaliyyət göstərən mühüm əhəmiyyət kəsb edən bütün obyektlərin yanğına qarşı vəziyyətinin bir daha ciddi öyrənilməsi, aşkar edilmiş yanğına qarşı çatışmazlıqların aradın qaldırılması istiqamətində təsirli tədbirlərin görülməsi üçün müvafiq qurum rəhbərlərinə tapşırıqlar verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR