Şəkərli diabet xəstələri arasında ölüm halları daha çox qadınlar arasında qeydə alınıb

Şəkərli diabet xəstələri arasında ölüm halları daha çox qadınlar arasında qeydə alınıb
# 10 dekabr 2013 11:46 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu Respublika Endokrinoloji Mərkəzinin direktoru Rauf Cabbarov Səhiyyə Nazirliyinin saytında “onlayn konfrans” vasitəsilə jurnalistlərin suallarını cavablandırarkən deyib. O bildirib ki, Ümumdünya Diabet Federasiyasının məlumatına əsasən, dünya üzrə 221 ölkə içərisində Azərbaycan bu xəstəliyin yayılmasına görə 127-ci yerdədir. R.Cabbarovun sözlərinə görə, bilavasitə bu xəstəlikdən ölən xəstələr qeyd olunmur: “Ölüm halları şəkərli diabetin fəsadları nəticəsində olur. Şəkərli diabet xəstələri arasında ölüm halları 2158 nəfər olub ki, bunlarında 1148 nəfəri qadındır. Hazırda ölkədə hər bir qeydiyyata düşən diabet xəstəsi pulsuz şəkərsalıcı preparat və özünənəzarət vasitəsi ilə təmin olunur. Bundan başqa, təlim məktəbləri yaradılıb ki, xəstələr daim öz xəstəlikləri barədə maarifləndirilsinlər. Respublika Endokrinoloji Mərkəzin həkim kollektivi vaxtaşırı regionlarda maarifləndirici tədbirlər görür, müayinələr aparırlar.

Şəkər xəstəliyinin qarşısının necə almağın mümkün olmasına gəlincə, R.Cabbarov qeyd edib ki, şəkərli diabet tip 2 xəstəliyini autoimmun xəstəliklərə aid edilir və səbəbində əsasən irsi faktor durur: “Lakin bir sıra digər səbəblər də var ki, xəstəliyin yaranmasına bilavasitə təkan verir. Həmin səbəblərdən artıq çəki, stress, qorxu , həyəcan, qeyri-sağlam həyat tərzi, siqaret və alkoqolu göstərmək olar. Şəkərli diabet tip 1 xəstəliyi isə əsasən uşaqlarda və gənclərdə yaranır və bunun səbəbləri hələ ki elmə məlum deyil, lakin soyuqdəymə, virus xəstəliyi yaranmasına təkan verir. Xəstəlikdən qorunmaq üçün yuxarıda sadalanan səbəblərdən qorunmaq lazımdır, əgər irsiyyətdə şəkərli diabet xəstəliyi varsa mütəmadi olaraq qanda şəkərin səviyyəsi yoxlanılmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR