«Halal Dad» şirkətinə qarşı iş qaldırılıb

«Halal Dad» şirkətinə qarşı iş qaldırılıb
# 28 noyabr 2013 14:34 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanda «Halal Dad» MMC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

İqtisadiyyat və Sənaye Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Abşeron rayonu, Hökməli qəsəbəsi, Şamaxı şosesi, ev 14 ünvanında fəaliyyət göstərən «Halal Dad» MMC-də aparılan yoxlama zamanı markalanmasında düzgün olmayan məlumatlar verilməklə istehlakçıların çaşdırılmasına səbəb olan «Halal Dad» adlı kolbasa və sosislərin istehsal olunduğu müəyyən edilib.

Belə ki, məhsulların istehsalında camış ətindən istifadə edildiyi halda, markalanmasında bu barədə məlumat verilmədiyi, habelə məhsulların «halal» prinsiplərinə uyğun olmasına dair müvafiq sertifikatlaşma olmamasına baxmayaraq, məhsulların markalanmasında «halal» sözündən («Halal Dad») istifadə edildiyi müəyyənləşdirilib.

Qeyd olunanlarla əlaqədar, Dövlət Xidməti tərəfindən «Halal Dad» MMC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR