Topaz Premyer Liqasında XXII tura yekun vurulub

Topaz Premyer Liqasında XXII tura yekun vurulub
# 19 fevral 2014 16:10 (UTC +04:00)

Bakı – APA. Bu gün Topaz Premyer Liqasında XXII turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, günün ilk matçı paytaxtda baş tutub.

“Qəbələ” səfərdə AZAL-ın qonağı olub. Ardıcıl 2 ev oyununda məğlub olan “qırmızı-qaralar” yenə “təyyarəçilər”ə qalib gəlib. Maraqlıdır ki, Şüvəlanda keçirilən ilk görüşdə olduğu kimi, Yuri Syominin komandası yenə hesabda geri düşsələr də, əzmkar qələbə sayəsində II pilləyə yüksəliblər.

Bu matçdan 1 saat sonra azarkeşlər paytaxt derbisinin şahidi olublar. 4 futbolçusu cəzalı olan “Neftçi” öz meydanında “İnter”lə üz-üzə gəlib. Son 2 turda qələbə qazana bilməyən “Neftçi” bu dəfə də qələbəyə həsrət qalıb - 2:2.

“Simurq” isə ilk 2 dövrədə də məğlub etdiyi “Sumqayıt”la qarşılaşıb. Ardıcıl 3-cü görüşündə Zaqatala təmsilçisi autsayderi darmadağın edərək 2014-cü ildə ilk xallarını qazanıb.

Lider “Qarabağ” da autsayderlərdən olan “Rəvan”la üz-üzə gəlib. Ağdam klubu cari mövsümdə məğlub edə bilmədiyi rəqibi bu dəfə üstələməyi bacarıb. Hollandiyalı Leroy Corcun dublu “Qarabağ”ın ilk sıradakı yerini möhkəmlətməsinə səbəb olub.

“Xəzər Lənkəran” isə doğma azarkeşləri qarşısında “Bakı”nı sınağa çəkib. 2014-cü ildə məğlub olmayan 2 komandanın qarşılaşmasında gülən tərəf qonaqlar olub. Bununla da Mustafa Dənizlinin komandasının 7 məğlubiyyətsizlik oyunlar seriyasına son qoyulub. “Bakı” isə bu il ardıcıl 4-cü qələbəsini qazanmaqla həm də turnir cədvəlində “Neftçi”ni ilk “üçlük”dən sıxışdırıb çıxarmağı bacarıb.

XXII tur

19 fevral (çərşənbə)

“Rəvan” – “Qarabağ” - 0:2

Qollar: Corc Leroy, 61; 68

“Xəzər Lənkəran” – “Bakı” - 0:2

Qollar: Yure Travner, 70; Rauf Əliyev, 90

“Neftçi” – “İnter” - 2:2

Qollar: Araz Abdullayev, 76 (pen); Ruslan Qurbanov, 86 - Yohan Bokonyano, 29; Laşa Salukvadze, 81

“Simurq” – “Sumqayıt” - 4:0

Qollar: Draqan Çeran, 13 (pen.); 48; İdan Vaytsman, 20; Salif Ballo, 86

Qırmızı vərəqə: Vurğun Hüseynov, 28 ("Sumqayıt")

AZAL – “Qəbələ” - 1:2

Qollar: Nedo Turkoviç, 39 (pen.) - Daniel Subotiç, 43; Şəhriyar Rəhimov, 70 (avtoqol)

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR