Sabah BQP Qafqaz İslam Ordusunun Azərbaycana gəlişinin 95 illiyini qeyd edəcək

Sabah BQP Qafqaz İslam Ordusunun Azərbaycana gəlişinin 95 illiyini qeyd edəcək
# 24 may 2013 09:07 (UTC +04:00)

Bakı - APA. Sabah Böyük Quruluş Partiyası (BQP) Şəhidlər Xiyabanında Türk əsgərinin şərəfinə qoyulmuş abidəni ziyarət edəcək.

Bu barədə APA-ya məlumat verən BQP başqanı, millət vəkili Fazil Mustafa bildirib ki, 95 il əvvəl - 25 may 1918-ci ildə Nuru Paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusu Gəncəyə daxil olub.

Onun sözlərinə görə, 95 il öncə Nuru Paşanın Azərbaycanı xilas missiyası buradan başlayıb: “Sabah saat 11.00-da Şəhidlər Xiyabanında Türk əsgərinin şərəfinə qoyulmuş abidəni dostlarımızla ziyarət edib, bu anlamlı tarixi bir daha yaşadacağıq. Ən azı Azərbaycan insanının qədirbilməz olduğunu söyləyənləri yanıltmaq, böyük qəhrəmanımıza sahib çıxmaq və ən başlıcası, üzərimizdə müqayisəyəgəlməz haqqı olan insandan və insanlardan halallıq almaq üçün hər kəsi bu ziyarətdə iştirak etməyə dəvət edirəm”.

F.Mustafa "Nuru Paşa həftəsi" elan olunandan sonra mediada səmimi dəstəyini əsirgəməyən "APA-Holding"in rəhbəri Vüsalə Mahirqızına minnətdarlığını bildirib: “Xidmətləri diqqətimizdən qaçanlar olarsa, xatırlamasaq da haqlarını halal etsinlər. Burada kimsə gördüyü işi kiminsə xatirinə etmir. Ötən günlərdə bir nəfər adını bilmədiyim FB dostluğunda olan şəxs Nuru Paşaya həsr olunan filmin 30 ədəd diskini mənə göndərib ki, istəyənlərə paylayım. Allah razı olsun, bunları mayın 25-də ziyarət zamanı mütləq gələnlərin bir qisminə çatdıracağam. Mən yenə də o düşüncədəyəm ki, Azərbaycan dövlətinin halallıq əsası Nuru Paşanın haqqının tanınmasından başlayır. 5 nəfər də olsaq, 1000 nəfər də olsaq, bu böyük qəhrəmanın, bu böyük şəhidin haqqının tanınması üçün fədakarlıq etməliyik ki, bunu etməyə borclu olan bütöv bir xalq töhmət altında qalmasın”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR