Fuad Qəhrəmanlı: “Milli Şurada Məşvərət Məclisinin yaradılmasına ehtiyac var”

Fuad Qəhrəmanlı: “Milli Şurada Məşvərət Məclisinin yaradılmasına ehtiyac var”
# 08 noyabr 2013 11:04 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun qurumun Məşvərət Məclisinin yaradılması ideyasına qarşı çıxması, Məşvərət Məclisinin Milli Şuranın palitrasını tam əks etdirməyəcəyi ilə bağlı bəyanatı mübahisəyə yol açıb.

AXCP sədrinin müavini, Milli Şuranın üzvü Fuad Qəhrəmanlı APA-ya açıqlamasında deyib ki, hələ Tiflisdə keçirilən toplantıda tövsiyə xarakterli qərar qəbul edilib və qurumun sədrinə Milli Şurada məşvərət orqanının yaradılması tövsiyə edilib: “Rüstəm İbrahimbəyovun iştirakı və özünün də razılaşdığı belə bir müddəa sənədə daxil edilmişdi. Məşvərət orqanının yaranması qurumun idarəetmənin kollegial mexanizm əsasında həyata keçirilməsinə imkan yaradar. Milli Şuranın siyasi proseslərə operativ reaksiya verməsinə, idarəetmənin daha səmərəli həyata keçməsinə imkan yaradardı. Milli Şuranın üzvü kimi mənim də mövqeyim ondan ibarətdir ki, elə bir qurumun yaranmasına ehtiyac var”.

Fuad Qəhrəmanlı Məşvərət Məclisinin Milli Şuranın palitrasını, iştirak edənlərin hamısının spektrini əhatə etməyəcəyi ilə bağlı arqumentlə də razılaşmayıb: “Burada mübahisəli məqam yoxdur. Məşvərət orqanının yaradılması ilə bağlı iki təklif var. Birinci təklif odur ki, Milli Şurada komissiya sədrlərindən və partiya sədrlərindən ibarət belə bir təsisat formalaşsın. Təbii ki, bu, formatla bağlı təklifdir və bu təklifi dəyişmək də olar. Milli Şuranın sessiyasında seçki yolu ilə də məşvərət orqanını formalaşdırmaq mümkündür. Demokratik, azad rəqabət əsasında keçirilən seçki təmsilçiliyi təmin edir. Təmsilçiliyin də təmin olunması ümumi palitranın, qüvvələr nisbətinin ifadə olunmasına imkan yaradır. Seçki yolu ilə məşvərət orqanı yaradılarsa, bu halda bu qurumda Milli Şuranın palitrasının tam əks olunmaması üçün hər hansı səbəb yoxdur. Hesab edirəm ki, qarışdakı dönəmdə Milli Şuranın hədəfləri və vəzifələrini yerinə yetirməsi üçün məşvərət orqanının yaradılmasına ehtiyac var”.

Müsavat Partiyası başqanının müavini, Milli Şura üzvü Gülağa Aslanlı isə APA-ya hələlik bu məsələnin Müsavat Partiyasında müzakirə olunmadığını söyləyib: “Partiyanın mövqeyi yəqin ki, gələn həftə Divanın toplantısında müəyyənləşəcək. Milli Şuranın üzvü kimi şəxsən mənim mövqeyimə gəlincə, Məşvərət Məclisinin mahiyyəti mənə çatmır. Mahiyyətini dəqiqləşdirdikdən sonra fikir söyləmək olar. Ən yaxşısı partiyamızın mövqeyini gözləməkdir”.

“El” Hərəkatının sədri, Milli Şuranın İcra Aparatının rəhbəri Eldar Namazov APA-ya açıqlamasında Məşvərət Məclisinin yaradılıb-yaradılmaması məsələsinin Milli Şuranın ümumi strukturlaşma prinsipi ilə bağlı ideyalardan hər hansı birinin qəbul edilməsindən asılı olacağını bildirib: “Milli Şuranın strukturunun yenidən qurulması ilə bağlı elə təkliflər var ki, o yolla getsək, Milli Şurada məşvərət qurumunun yaradılması labüddür. Başqa təklifləri əsas götürsək, Məşvərət Məclisinə ehtiyac qalmır. Yəni məşvərət qurumunun yaradılması Milli Şuranın ümumi strukturlaşma prinsiplərinin dəqiqləşməsindən sonra bəlli olacaq. Bu ayın sonlarında Milli Şuranın sessiyası keçiriləcək və bu məsələ də müzakirəyə çıxarılacaq”.

E. Namazov Milli Şuranın gələcəyinin, siyasi səhnədəki taleyinin həm də qurumun strukturlaşması ilə bağlı konsensusdan asılı olduğunu da etiraf edib: “Milli Şuranı qoruyub saxlamaq, gücləndirmək üçün qurumun daxili strukturlaşması, taktiki və strateji addımlar ilə bağlı konsensusa gəlmək lazımdır”.

Qeyd edək ki, Rüstəm İbrahimbəyov APA-ya müsahibəsində bildirib ki, Milli Şurada İcra Aparatı və digər strukturlar var, sadəcə, hələlik lazımi səviyyədə fəaliyyət göstərmirlər. O hesab edir ki, ümumi istiqamətlər Milli Şuranın sessiyalarında müəyyən edilməli, İcra Aparatı da icra işləri ilə məşğul olmalıdır. Məşvərət Şurası isə Milli Şurada iştirak edənlərin hamısının spektrini əhatə etməyə bilər və ona görə də belə bir qurumun yaradılması lazım deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR