Azərbaycan pensiya və müavinətlərlə bağlı xərcləri 3% artırıb

Azərbaycan pensiya və müavinətlərlə bağlı xərcləri 3% artırıb
# 10 sentyabr 2013 12:09 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bu ilin yanvar-avqust aylarında Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 1 749,7 mln. manat təşkil edib. DSMF-nin ictimaiyyətlə əlaqələr sektorundan «APA-Economics»ə verilən məlumata görə, bu, müvafiq proqnoz göstəricisindən 1,8% çoxdur. Hesabat dövründə icbari dövlət sosial sığorta haqları üzrə daxilolmalar proqnozdan 3,1% artıq olmaqla, 2012-ci ilin müvafiq dövrünə nisbətən 12% artaraq 998,5 mln. manata çatıb.

İcbari dövlət sosial sığorta haqları üzrə daxilolmaların 63,6%-i qeyri-büdcə sektorunun payına düşür. Həmin sektorun ödədiyi icbari dövlət sosial sığorta haqlarının məbləği proqnoza nisbətən 19,7%, əvvəlki ilin müvafiq dövrünə nisbətən isə 18,2% artıq olub.

Bu dövrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və torpaq pay mülkiyyətçilərinin sosial sığortaya cəlb edilməsi gücləndirilib. Nəticədə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən daxilolmalar 45%, torpaq pay mülkiyyətçilərindən daxilolmalar isə 25,1% artıb.

Bu ilin yanvar-avqust aylarında büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 363,8 mln. manat təşkil edib. Sair gəlirlər (sanatoriya-kurort yollayışlarının qismən dəyərinin ödənilməsi və s.) üzrə daxilolmalar 4,2 mln. manat təşkil edib.

Hesabat dövründə Fondun xərcləri 1 658,8 mln. manat olub. Pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün Fond tərəfindən 1 626 mln. manat vəsait yönəldilib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,4% çoxdur. Pensiya xərcləri 2012-ci ilin müvafiq dövrünə nisbətən 3,4% artaraq 1 586,7 mln. manat təşkil edib. Bu ilin 8 ayı ərzində əhaliyə 39,3 mln. manat məbləğində müavinət ödənilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR