Benyamin Netanyahu: “Dünya ictimaiyyəti İrana aldanmamalıdır”

Benyamin Netanyahu: “Dünya ictimaiyyəti İrana aldanmamalıdır”
# 09 sentyabr 2013 08:34 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İsrailin baş naziri Benyamin Netanyahu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin sentyabrın 5-də Roş-Ha-Şana milli bayramı münasibətilə “Twitter” sosial şəbəkəsi vasitəsilə yaydığı, Qərb mediasında geniş əks-səda doğuran və müsbət qarşılanan yəhudi xalqına təbrikinə və yeni hökumətin Xolokost soyqırımını qəbul etməsinə sərt münasibət bildirib.

APA-nın “Radiofərda”ya istinadən məlumatına görə, İsrailin baş naziri deyib ki, İran rəsmilərinin bu davranışları və mesajlarından təsirlənmirlər: “Çünki məhz həmin həftə təkrar “İsrailə ölüm!” çağırışları oldu. İran həmçinin prezident seçkilərindən sonra uranı zənginləşdirməkdə davam edir. Eyni zamanda bu ölkənin nüvə proqramı İsrail və bütün dünya üçün təhdid olaraq qalır”.

B.Netanyahu vurğulayıb ki, bu mesaj İranın dünya ictimaiyyəti ilə əlaqələrində hansısa bir dəyişiklik edəcəyi anlamına gəlmir: “İran özünün bütün nüvə fəaliyyətlərini dayandırmalıdır. Ona görə də dünya ictimaiyyətini İrana aldanmamağa, vəd vermək əvəzinə əməli addımlar atmağa və bu ölkəyə qarşı təzyiqlərini artırmağa çağırıram. İrandan isə təhdidə son qoymaq üçün real addım atmasını istəyirəm. Tehran rejimi yalnız öz addımlarına görə sınağa çəkilir və bu cür mesajlar verməklə də ümumi fikri yayındırmaq məqsədi güdür”.

İsrailin baş naziri sonda bir daha bəyan edib ki, İranın uranın zənginləşdirilməsi fəaliyyətlərini dayandırmalı, zənginləşdirdiyi uran ehtiyatını ölkə xaricinə göndərməli, “Fordo” yeraltı nüvə obyektini bağlamalı və Plutonium nüvə reaktoru qurmağa son verməlidir: “Bunun üçün də dünya ictimaiyyətinin Tehrana qarşı təzyiqlərini gücləndirməsi vacibdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR