İstanbulda VIII beynəlxalq türkologiya konqresi keçirilir

İstanbulda VIII beynəlxalq türkologiya konqresi keçirilir
# 30 sentyabr 2013 15:01 (UTC +04:00)

İstanbul. Mayis Əlizadə - APA. İstanbul Universitetinin mədəniyyət salonunda VIII beynəlxalq türkologiya konqresi işə başlayıb.

APA-nın məlumatına görə, Azərbaycan, Orta Asiya ölkələri, Çin, Rusiya, İran və Avropa ölkələrindən türkoloqların iştirak etdiyi konqresin açılışında çıxış edən Türkiyə Prezident Administrasiyasının baş katibi professor Mustafa İsen, İstanbul Universitetinin rektoru professor Yunus Söylet, Macarıstanın Türkiyədəki səfiri Yanoş Havari və başqaları dünya türkologiyasının yeni inkişaf mərhələsinə qədəm qoyduğunu, buna görə türkologiya sahəsindəki araşdırmaların kəmiyyət və keyfiyyət etibarilə yeni mərhələnin tələblərinə uyğun səviyyəyə gətirilməsinin zərurətini vurğulayıblar.

Konqresin açılışında türkologiya sahəsindəki araşdırmalarına görə, uzun illərdən bəri elmə xidmət edən alimlərə xatirə plaketlər verilib. Konqresin şərəf qonağı, sənət tarixçisi, professor Səmavi Eyicə APA-ya açıqlamasında deyib ki, SSRİ-nin dağılmasından sonra Azərbaycana getmək imkanı əldə edib: “Qardaş ölkəni çox sevdim, dilimiz də, dinimiz də birdir. Tarixi abidələrin bir qismi ilə tanış ola bildim, möhtəşəm abidələriniz olduğunu bilirəm. Ömür vəfa etsə, Azərbaycanın tarixi abidələri ilə bağlı elmi araşdırma aparmaq istərdim”.

İstanbul Universiteti ədəbiyyat fakültəsinin dekanı, professor Mustafa Özkan isə bildirib ki, 1926-cı ildə Bakıda keçirilmiş I Türkologiya qurultayı daha çox siyasi məna daşıyıb: “Türkiyədə elmi mənada ilk türkologiya qurultayı 1973-cü ildə keçirilib, o vaxtdan bəri biz 8 qurultay, Türkiyədə və xaricdə ümumilikdə 33 beynəlxalq tədbir keşirmişik. Bundan sonrakı dönəmdə araşdırmaların əhatə dairəsini genişləndirəcəyimiz kimi, dərinləşməsinə də xüsusi diqqət yetirəcəyik”.

Qeyd edək ki, İstanbul Universiteti Türkiyyat Araşdırmaları İnstitutunun təşkil etdiyi beynəlxalq türkologiya konqreslərinin təşəbbüskarı dünya türkologiyasının korifeylərindən olan Azərbaycan mənşəli professor Əhməd Cəfəroğludur. 1899-cu ildə Gəncədə anadan olan Əhməd Cəfəroğlu 1919-cu ildə İstanbul Universitetində təhsil almağa başlayıb. 1924-cü ildə Mustafa Kamal Atatürkün təlimatı ilə İstanbul Universiteti Türkiyyat Araşdırmaları İnstitutunyaradılıb və institutun direktoru, akademik Mehmet Fuad Köprülünün təqdimatı ilə Əhməd Cəfəroğlu Almaniyaya aspiranturaya göndərilib. 1929-cu ildə doktorluq dissertasiyası müdafiə edərək Türkiyəyə dönən Əhməd Cəfəroğlu türkologiya sahəsində Rəşid Rəhməti Aratdan sonra Türkiyənin ikinci professoru olub. Mehmet Fuad Köprülünün 1946-cı ildə siyasətə girməsindən sonra professor Əhməd Cəfəroğlu İstanbul Universiteti Türkiyyat Araşdırmaları İnstitutunun direktoru olub və ömrünün sonuna qədər bu vəzifəni icra edib. 6 yanvar 1975-ci ildə vəfat etmiş professor Əhməd Cəfəroğlu Türkiyədəki türkoloqların ikinci nəslinin yetişməsində ən önəmli rolu oynayıb.

VIII beynəlxalq türkologiya konqresində Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Milli Elmlər Akademiyası və Təbriz universitetindən alimlər iştirak edirlər. Konqres öz işini oktyabrın 5-də başa çatdıracaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR