Mətbuat Şurasında Həsən bəy Zərdabini anım tədbiri keçirilib - FOTO

Mətbuat Şurasında Həsən bəy Zərdabini anım tədbiri keçirilib - <span style="color: red;">FOTO
# 28 noyabr 2013 12:22 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Bu gün Azərbaycan Mətbuat Şurasında (MŞ) Həsən bəy Zərdabini anım tədbiri keçirilib. Şuradan APA-ya verilən məlumata görə, toplantını giriş sözü ilə MŞ sədri Əflatun Amaşov açaraq bildirib ki, Azərbaycanın böyük maarifpərvər ziyalısı Həsən bəy Zərdabinin vəfatından 106 il ötür: “Bu tarixi şəxsiyyətin fəaliyyətindən və bütövlükdə ömür yolundan, xüsusən də «Əkinçi» qəzetini nəşr edərkən çəkdiyi əzab-əziyyətlərdən hər bir azərbaycanlı məlumatlı olmalıdır. Bu məlumatlılığı təmin etmək üçün Mətbuat Şurası bir neçə il öncə Həsən bəy Zərdabinin anım gününün keçirilməsi təşəbbüsünü qaldırdı və hər il milli mətbuat günü ilə yanaşı, eyni zamanda noyabrın 28-də biz böyük ziyalımızla bağlı tarixi faktlara müraciət edir, onun milləti qarşısındakı xidmətlərini yada salırıq. Hər dəfə də xatirələri çözələdikcə böyük fəxarət hissi keçiririk».

Şura sədri vurğulayıb ki, kütləvi informasiya vasitələrinin Həsən bəy Zərdabinin keçdiyi ömür yolunun ayrı-ayrı məqamlarını misilsiz vətənpərvərlik nümunəsi kimi təqdim etməsi cəmiyyət üçün son dərəcə zəruridir.

MŞ İdarə Heyətinin üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli rəhbərlik etdiyi qurumun milli mətbu irsimizdə xüsusi yeri olan nəşrlərin təbliğinə böyük önəm verdiyini vurğulayıb. Qeyd olunub ki, bu günlərdə fondun maliyyə dəstəyi ilə «Ziya» qəzetinin nüsxələrinin ərəb əlifbasından latın qrafikalı Azərbaycan əlifbasına çevrilməsi işi həyata keçirilib və toplanmış materiallar kitab şəklində nəşr edilib. Bundan başqa, Fond «Azərbaycan mətbuat tarixi antalogiyası»nın da nəşrini reallaşdırıb.

Tədbirdə MŞ İdarə Heyətinin üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, MŞ İdarə Heyətinin üzvü, Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin rəhbəri İlham İsmayıl, MŞ İdarə Heyətinin üzvü, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru Nəsir Əhmədli, MŞ İdarə Heyətinin üzvü, «Bakı xəbər» qəzetinin baş redaktoru Aydın Quliyev Həsən bəy Zərdabinin Azərbaycan xalqı qarşısındakı xidmətlərindən danışıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR