Ədliyyə naziri Lənkəranda zona müşavirəsi keçirib

Ədliyyə naziri Lənkəranda zona müşavirəsi keçirib
# 23 may 2013 16:16 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə naziri Fikrət Məmmədov mayın 23-də Lənkəranda cənub və aran bölgəsinin hakimlərinin, yerli ədliyyə işçilərinin, o cümlədən icra məmurlarının iştirakı ilə zona müşavirəsi keçirib.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müşavirədə ədliyyə və məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə tədbirlər və qarşıda duran vəzifələr müzakirə olunub.

Qeyd edilib ki, son illər respublikada həyata keçirilən genişmiqyaslı islahatlar məhkəmə-hüquq sistemini də əhatə edib. Artıq 4 müasir məhkəmə binası istifadəyə verilib, 2 məhkəmə kompleksi və rayon məhkəməsi üçün yeni binaların təməli qoyularaq intensiv tikintisi aparılır.

Nazir ölkə prezidentinin dövlət məmurları tərəfindən etik davranış qaydalarına riayət olunması və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, bütün qərarların ədalətli olması barədə meyarlarını, vətəndaş-məmur münasibətləri ilə bağlı ciddi tapşırıqlarını diqqətə çatdıraraq bu tələblərə hakimlər və ədliyyə işçiləri tərəfindən dönmədən riayət olunmasının vacibliyini qeyd edib. Bununla yanaşı, məhkəmə qərarlarının vaxtında və dürüst icrası, bu zaman insan hüquqlarına ciddi riayət olunması, icra işinin yaxşılaşdırılması üzrə konkret göstərişlər verilib, korrupsiya, süründürməçilik, qeyri-etik davranış və digər neqativ halların yolverilməzliyi, əks təqdirdə ən ciddi intizam tədbirlərinin tətbiqi xüsusi vurğulanıb.

Səfər çərçivəsində nazir Lənkəranda yeni inşa olunan penitensiar kompleksə baş çəkərək tikintinin gedişi ilə tanış olub, müvafiq tapşırıqlarını verib.

Nazir səfər zamanı Salyan, Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran rayonlarında yerli məhkəmə və ədliyyə orqanlarına, o cümlədən qeydiyyat, notariat və icra qurumlarına baş çəkib, onların fəaliyyəti, iş şəraiti və problemləri ilə maraqlanıb, işin səmərəliliyinin daha da yüksəldilməsi üçün tapşırıqlar verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR