Bölgələrdə məişət zorakılığı ilə mübarizə mövzusunda tədbir keçirilib

Bölgələrdə məişət zorakılığı ilə mübarizə mövzusunda tədbir keçirilib
# 06 dekabr 2013 07:35 (UTC +04:00)

Bakı - APA. “Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi, ABŞ səfirliyinin Demokratik Komissiya Kiçik Qrantlar Proqramının maliyyə dəstəyi ilə “Azərbaycanın əyalətlərində insanların düşüncələrində dəyişiklik etməklə Məişət Zorakılığı ilə Mübarizə” layihəsi çərçivəsində Saatlı, İmişli və Sabirabad rayonlarında ilk dəyirmi masa müzakirələrinə start verib.

APA-nın verdiyi məlumata görə, yerli icra hakimiyyəti və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rayon mərkəzlərinin dəstəyi və yaxından iştirakı ilə hər üç rayonda keçirilən bu tədbirdə rayon icra hakimiyyətinin nümayəndələri, bələdiyyə, səhiyyə və təhsil şöbəsinin əməkdaşları, Gənclər Mərkəzi, Gənclər və İdman Nazirliyinin rayon şöbələrinin nümayəndələri, din xadimləri, yerli QHT təmsilçiləri, fəal icma sakinləri, gənclər və digər aidiyyəti dövlət və qeyri dövlət nümayəndələri iştirak ediblər.

Dəyirmi masada son günlər artmaqda davam edən kişi zorakılığının səbəbləri və həlli yolları, bəzən ətraf və əlaqədar orqanların baş verən məişət zorakılığı hallarına olan etinasızlığı və bu halların qarşısının alınması yolları haqqında fikir mübadiləsi aparılıb. Ailədaxili zorakılıq halları hədəf rayonlarında hələ də “şəxsi iş, problem” kimi başa düşüldüyündən, insanları bu məsələdə düşündürəcək vasitə ictimai maarifləndirmə işi və belə halların şahidi olan insanların zorakılıq edən şəxsləri qınaması, KİV-də nümunəvi ailələrdən bəhs edən verilişlərin göstərilməsi vacib sayılıb. Maarifləndirmə işinin bütün mümkün vasitələr və imkanlarla aparılması üçün layihə çərçivəsində gənclər, ağsaqqallar, din nümayəndələri, hüquq mühafizə orqanlarının əməkdaşları və digər icma nümayəndələrinin gücündən və dəstəyindən istifadə ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR